Əliyev Paşinyana elə bir söz deyəcəkdi ki… – Hüquq müdafiəçisi baş tutmayan görüşdən danışdı
19-iyul-2024Paşinyanın Londonda Prezident Əliyevlə görüşdən qaçışı göstərdi ki, Ermənistan danışıqlardan yayınır. Çünki Prezident ona elə bir söz deyə bilərdi ki, Paşinyan mat vəziyyətə düşə və ölkəsinə qayıdanda ciddi ictimai təpki ilə üzləşə bilərdi. Bu fikirləri Tribunainfo.az-a hüquq müdafiəçisi Xəzər Teyyublu bildirib.
Onun fikrincə, Azərbaycan sülh müqaviləsi üçün Ermənistandan qanunvericilik aktlarına düzəliş tələb edir və ərazi iddialarını aradan qaldırmağını əsas şərt kimi irəli sürür və bu məsələ görüşdə Əliyev tərəfindən Paşinyana da deyiləcəkdi, ona görə erməni baş nazir görüşdən yayınıb. “Azərbaycan bu prosesdə açıq siyasət aparır və sülh sənədinin imzalanması üçün konkret tələblər irəli sürür. Biz səliqəli iş aparırıq. Ermənistan isə bu məsələdə xarici himayədarlarının ağlına güvənir. Gah Parisdən, gah Brüsseldən, gah Vaşinqtondan məsləhət gözləyir. Odur ki, Paşinyan müstəqil addım ata bilmədiyi üçün London görüşündən yayındı. Amma bu hadisələrin sonunda Ermənistan sülh sənədini Azərbaycanın şərtləri çərçivəsində imzalamağa məhkumdur”.