İyunun 7-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin elm və təhsil komitəsi ilə birgə iclası olub.
Reportyor.tv xəbər verir ki, iclasda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılıb.
Qanun layihəsi haqda məlumat verən Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, hərbi xidmətə çağırışdan möhlət hüququ indiyədək ancaq bakalavriat pilləsində təhsil alanlara verilirdi. Qanunun 21-ci maddəsinə edilən dəyişikliyə görə, bundan sonra həmin möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq. Həmçinin xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışdan möhlət hüququ veriləcək.
Sonra elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qanun layihəsinə dair fikirlərini bölüşüb. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda bu mütərəqqi dəyişikliyə görə ölkənin elm və təhsil ictimaiyyəti adından dövlətimizin başçısına minnətdarlıq bildirən komitə sədri qeyd edib ki, magistr və doktorantlara çağırışdan möhlət hüququnun verilməsi təhsilin fasiləsizliyini təmin edəcək, gənclərin elmə gəlişinə təkan verəcək.
Hər iki komitədən deputatlar rəylərini bildirdikdən sonra “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Birgə iclas yekunlaşdıqdan sonra müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi işini davam etdirib.
Ziyafət Əsgərov “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişi təqdim edib və bu sənədin Azərbaycanın dövlət maraqlarına uyğun olduğunu vurğulayıb.
Gündəlikdəki digər məsələlərin şərhi zamanı bildirildi ki, “Hərbi qulluqçuların statusu haqqında” qanuna edilən texniki xarakterli dəyişiklik vətəndaşların hüquq və mənafelərinin qorunması baxımından çox vacibdir. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” və “Sərhəd qoşunları haqqında” qanunlara təklif olunan dəyişikliklər isə qanunvericiliyin uyğunlaşdırılması məqsədini daşıyır.
Sonda qərara alındı ki, komitədə baxılan bütün məsələlər Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim olunsun.