«HAQLIDIR, YAZINI SİFARİŞLƏ YAZMIŞAM…» - Təhsil eksperti keçmiş nazirə cavab verdi
01-sen-2016Təhsil eksperti Etibar Əliyevin “AzPolitika”da yayımlanan “Gülən məktəbləri kimin vaxtında yaradılıb” sərlövhəli yazısı geniş rezonansa səbəb olub. Müəllif, bu yazıda keçmiş təhsil naziri Firudin Cəlilovu tənqid edərək, onu yaxın tariximizi təhrif etməkdə, Gülən məktəblərinin Azərbaycana gəlişi məsələsində özünün məsuliyyət payını başqalarının, o cümlədən keçmiş təhsil naziri Lidiya Rəsulovanın üzərinə atmaqda ittiham edib. E.Əliyev isə Gülən məktəblərinin Azərbaycanda qurulmasında və inkişafında Firudin Cəlilovla yanaşı Misir Mərdanovun da böyük rolu olduğunu iddi edib. F.Cəlilov isə öz növbəsində saytlardan birinə qısa açıqlamasında E.Əliyevi sifarişlə yazı yazmaqda ittiham edib. “AzPolitika” bununla bağlı E.Əliyevdən qısa açıqlama alıb.
- Etibar müəllim Gülən məktəblərinin yaradılması və inkişafında Firudin Cəlilov və Misir Mərdanovun adlarını çəkmisiniz. Ancaq Firudin Cəlilov saytların birinə müsahibəsində adının çəkilməsinə etiraz edib. Buna münasibətinizi bilmək istərdik.
– Firudin Cəlilov özünün yaratdığı məktəblərdən necə imtina edə bilər? Axı faktlar, sənədlər var. O, gərək dünyasını dəyişmiş və Gülən məktəblərinin Azərbaycanda fəaliyyətinə maneçilik törədən Lidiya Rəsulovanın adını çəkməyəydi. Tanınmış professorun bu addımı çox pis qarşılandı. Özünün yaratdığı məktəbləri Lidiya Rəsulovanın adına çıxmaq istəyi bumeranq effekti verdi. Lidiya xanım Firudin Cəlilov və Misir Mərdanovla müqayisədə çox prinsipial adam idi. Yaxşı xatırlayıram, xanım Rəsulova “Çağ” Öyrətimin baş direktoru Adəm adlı bir şəxsin Hökumət Evinin 7-ci mərtəbəsinə girişini qadağan etmişdi. İndi Cəlilov durub deyir ki, bu məktəblər onun vaxtında ayaq açıb. Gülən məktəblərinin çiçəklənmə dövrü isə Misir Mərdanovun nazir olduğu dövrə təsadüf edir. Bu birmənalı belədir.
- Firudin Cəlilov qısa müsahibəsində qeyd edir ki, Sizin səviyyənizə düşmək istəmir və yazını sifarişlə yazıbsınız…
– Əslində böyük alimlər heç vaxt səviyyə söhbəti aparmırlar. Bu sözlər onun böyüklüyünə dəlalət eləmir. Olsun. Tutaq ki, mən onun səviyyəsində deyiləm. Bəs faktları necə təkzib etmək olar? Faktlar və həqiqət ikimizdən də yuxarıda durur axı. Onu böyük alim kimi qələmə verirlər. Ancaq mənim tanıdığım və oxuduğum böyük alimlərin içərisində onun adı yoxdur.
O ki, qaldı sifariş məsələsinə, burada Firudin müəllim haqlıdır. Onun haqqında yazını sifarişlə yazmışam. Çəkinmədən deyirəm: Yazını Lidiya Rəsulova sifariş edib.