İlham Əliyev razı olmadı
15-okt-2016İlham Əliyev 5 rayonun qaytarılmasına razıdırmı? - Pərdəarxası
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasında çıxış zamanı Qarabağ münaqişəsinə toxunub
Çavuşoğlu deyib ki, Rusiya ermənilərin Azərbaycanın işğal altındakı 5 rayonu qaytarması barədə məntiqli təklif irəli sürüb. Hazırda bu variant müzakirə mərhələsindədir.
Təklifin qəbul olunacağı halda problem həll olunacaq. Azərbaycan da bunu istəyir. Türkiyə öz növbəsində Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır.
Azerinfo.az-ın Analitik Mərkəzi xəbər verir ki, rəsmi Bakı heç də 5 rayonun qaytarılmasına razılıq vermir.
Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın işğaldakı bütün əraziləri qaytarılmalı, Dağlıq Qarabağa muxtiyariyyat verilməsi yalnız ölkəmizin ərazi böütövlüyü çərçivəsində mümkündür.
Bu baxımdan cənab Çavuşoğlunun açıqlaması qismən təhrif olunub. Türkiyəli nazir “Azərbaycan da bunu istəyir” deməklə heç də 5 rayonun qaytarılmasını nəzərdə tutmayıb. Söhbət rəsmi Bakının danışıqlar prosesində irəliləyiş olmasını istəməsindən gedir.
Digər tərəfdən Ermənistan qeyri-konstruktiv mövqeyindən dönməyib, işğalçı siyasətini davam etdirir, cəbhə xəttində yenə də atəşkəsi pozur, danışıqlardan qaçır, İrəvanda müxtəlif qurama siyasi ssenarilər reallaşdırılır ki Dağlıq Qarabağ müzakirəsi gündəmdən çıxsın, vaxt uzansın.
Azerinfo.az-ın məlumatına görə, son olaraq Kremlin İrəvana “İsgəndər raketlərini satması və bu silahların paradda nümayiş etdirilməsi hər hansı razılaşma olmayacağını göstərir.
Habelə prezident İ.Əliyev son çıxışında Qarabağın müstəqilliyini tanımaq üçün bağlı qapılar arxasında təzyiqlərin olduğunu qeyd edib.
Belə situasiyada 5 rayonun qaytarılması real görsənmir. Əldə etdiyimiz bilgilərə görə, aprel müharibəsindən sonra rəsmi Bakı torpaqların azad edilməsi üçün hərb yolunu ikinci variant kimi qüvvədə saxlayır.
Azərbaycan əsla 5 rayona razılıq verə bilməz. Ən yaxş halda 7 rayonun qaytarılması və Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində statusunun müəyyənləşdirilməsi real görünə bilər.
Buna da Ermənistan tərəfi razılıq vermir. Beləliklə, Çavuşoğlunun açıqlaması detalsızdır və aydın deyil.
Həmçinin, ABŞ da bu məsələdə ikili standartlara yol verir. ABŞ dövlət katibi Con Kerri prezidentlərin danışığa hazır olmadığını bəyan edib. Bu halda Vaşinqton Qarabağ probleminin Rusiyanın həll etməsinə imkan verməyəcək.