Bu gün:
Xezer.info » Sosial » Prezidentin sensasion bəyanatı ekspertin şərhində

Prezidentin sensasion bəyanatı ekspertin şərhində


Prezidentin sensasion bəyanatı ekspertin şərhində
Zahid Oruc: “Müxalif qüvvələrin hakimiyyəti Qarabağın beynəlxalq aləmdə tanıdılması demək olacaq”
Prezident İlham Əliyevin ötən həftə Nazirlər Kabinetinin iclasında çıxışı zamanı işlətdiyi fikirlərdən biri də bu olub ki, hazırkı hakimiyyətin siyasətinə alternativ siyasət xaosdur, qarşıdurmadır. Prezident konkret hansısa müxalif qüvvənin adını çəkməyib.

Deputat Zahid Oruc hesab edir ki, ölkə prezidentinin həmin bir cümləsi hər hansı konkret qüvvəyə, konkret hərəkata, şəxsə, subyektə yönəlmədən metafora kimi işlənib, real mahiyyət daşıyır: “Gerçəkdən də bu gün İlham Əliyev siyasətinin alternativi qarşıdurma, xaosdur. Təkcə müxalifət qüvvələri üçün yox, hakimiyyət cinahından da bütün qüvvələrin, komandanın maraq və mənafelərini uzlaşdıran ən güclü lider məhz İlham Əliyevdir. Əslində on illər ərzində Heydər Əliyev siyasətinin hakimiyyətdə olmağının səbəbi bir tərəfdən millətin maraqlarının dövlət idarəçiliyində təmsil olunmasıdırsa, o biri yandan əks qüvvələrin inkarçı mövqeyidir. Baxın, Türkiyədə 1923-cü ildən bu yana hakimiyyətə gələn qüvvələr, hətta çevriliş vasitəsilə mövcud iqtidarları devirənlər də Atatürk irsinə istinad eləyib, onun Türkiyə üçün həyata keçirdiyi böyük tarixi işlərin inkarında durmayıblar. Əksinə, həmin o cümhuriyyətçilik idealları Osmanlı İmperiyasının qalıqları üzərindən bir ölkənin viranəyə çevrilməməsi və xilaskarlıq missiyası, sonradan bütün sahələrdə həyata keçirilən böyük tədbirləri müsbət hadisə kimi dəyərləndirib. Azərbaycanda ötən on illər ərzində biz Heydər Əliyev irsi, siyasəti deyəndə onun daxildə bütün etnik milli zümrələrin vahid bir vətəndaş marağında ”bu dövlət hamınındır" prinsipi ilə birləşdirilməsini nəzərdə tutmuşuq. İndi də davam edən bu siyasət Ermənistandan savayı Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərən ölkələrlə mühüm əlaqələri özündə ehtiva edib. Neft amilini Azərbaycanın güc faktoruna çevirmək və bununla beynəlxalq əlaqələrimizi güclü bir şəkildə təmin etməyi özündə ehtiva edib. Bütün bunlar inkar edilincə, gerçəkdən də çox ağır bir mənzərə yaranır".

Z.Oruca görə, bu gün həqiqətən də İlham Əliyev hakimiyyətinin alternativi xaosdur: “Ona görə ki, müxalif qüvvələrin baxışlar sistemi Azərbaycana güclü bir dövlət qurmağı və işıqlı gələcəyi vəd eləmir. Reallıq bundan ibarətdir ki, ötən illər ərzində güclü müxalif sistemlərin formalaşa bilməməsi, onlarda yeniləşmənin getməməsi, siyasi vitrinin dəyişməməsi, ən güclü xarici universitetlərdə və daxildə təhsil alanların gəlib müxalif sistemlərdə özlərinə gələcək qurmaq istəməməsi onları ölkənin həlledici mənada gələcəyindən, həyatından sıxışdırıb kənarda qoyub.

Ona görə də biz İlham Əliyevin liderliyinə, onun birləşdirici gücünə, regional ağır savaşlardan çıxmaq bacarığına, Azərbaycan maraqlarını güzəştsiz müdafiə etməsinə və Qarabağ məsələsində hamıdan daha kəskin siyasəti yürütməsinə yeganə kurs kimi yanaşırıq. Müxalif qüvvələrin hakimiyyəti Qarabağın müstəqilləşməsi, beynəlxalq aləmdə tanıdılması demək olacaq. Ona görə ki, bu cür avantüra ilə, sadəcə, guya ermənilərin üzərinə getmək ideyası ilə və iqtidarı yenidən bu vasitə ilə zəbt eləməklə Azərbaycana uğurlu bir sabah vəd eləmək mümkün deyil.

Bu gün gerçəkdən də ermənisiz Azərbaycan modeli ilə düşmən qarşısına çıxmaq mümkün deyil. Çox sadə bir sual olunur ki, bu dövlətin gələcəyi üçün ən bədbin proqnoz verən qüvvələr fərqindədirlərmi bu gün Azərbaycanın valyuta ehtiyatından çıxış eləsək, qarşıdakı illərdə ölkəyə hər hansı bir ixracdan bir dollar belə daxil olmasa belə, Azərbaycanı indiki vəziyyətdə ən azı üç il saxlamaq mümkündür? Hakimiyyət bu qədər valyuta rezervlərini və ölkənin perspektivini formalaşdırırkən iqtidarı niyə başqa qüvvəyə verməlidir?! Vaxtilə büdcəsiz yaşanan Azərbaycan reallığı və faciələrini təkrar bu ölkəyə yaşatmaq üçün məlum müxalif qüvvələrəmi iqtidarı verməlidir?! Bütün faktorları nəzərə alanda ölkənin gələcəyi həmin qüvvələrin timsalında son dərəcə faciəli görünür. Dağlıq Qarabağın tanıdılmasından tutmuş, Azərbaycan dövlətçiliyinin sarsıdılmasına qədər acı perspektiv bu qüvvələrin iqtidara gəlişi nəticəsində meydana çıxa bilər”.

Deputata görə, hər hansı siyasi qüvvə gələcəkdə Heydər Əliyev siyasətinə istinad eləməsə, ona söykənməsə, Azərbaycan maraqları təhdid olunacaq: “Türkiyədə CHP də, MHP də, AKP də, digər qüvvələr də Atatürkün varlığını, Türkiyə həyatı üçün işlərini inkar etmir. Çünki inkar edəndə quru səhra yaranır. Çünki Türkiyəni bir dövlət kimi var edən Atatürk olub”.