Bu gün:
Xezer.info » Media » Məhkəmə ANS-in apellyasiya şikayətini təmin etməyib

Məhkəmə ANS-in apellyasiya şikayətini təmin etməyib


Məhkəmə ANS-in apellyasiya şikayətini təmin etməyib
Bakı Apellyasiya Məhkəməsində "ANS Müstəqil Yayım və Media” Şirkətinin keçmiş əməkdaşı, kompüterçi-montajçı Sərxan Vəliyevin həmin şirkətə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
“Report”un məlumatına görə, hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, ANS-in apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, televiziya kanalının sabiq əməkdaşı S.Vəliyev "ANS Müstəqil Yayım və Media” Şirkətini məhkəməyə verib. Montajçı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək xidmət haqqının və dəymiş zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürüb. O, 870 manat əməkhaqqının ödənilməsini istəyib.
Məhkəmə iddianı qismən təmin edərək qətnamə çıxarıb. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi ANS-in S.Vəliyevə ikiaylıq əməkhaqqını, faiz kimi 45 manat və məhkəmə xərclərinə görə, 10 manat ödəməsi barədə qərar çıxarıb. Lakin həmin qərardan narazı qalan ANS apellyasiya şikayəti verib.
Xatırladaq ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.
Daha sonra MTRŞ “ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğv edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarına əsasən, ANS TV-nin yayım lisenziyası ləğv edilib. ANS həmin qərardan kassasiya şikayəti verib. Lakin Ali Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib.