Qubada qalmaqal: təhsil şefinin müavinla bir milyonluq “razborka”sı
10-okt-2016Azərbaycanda təhsilin durumunun yaxşı olmadığı, əyalətlərdə isə daha da pis şəkildə təzahür etdiyini artıq rəsmi statistika da təsdiqləyir. Buna səbəb yerli Təhsil Şöbələrinin Təhsil Nazirliyi ilə birləşərək, daha çox büdcə vəsaitlərini «xırd» etmələridir. Həmin nümunələrdən biri isə Quba rayonunda qeydə alınıb. Ortada 1 milyon manatdan artıq vəsaitin nəyə və necə xərcləndiyi isə məlum deyil. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, Loğman Müslümovun rəhbəri olduğu Quba Təhsil Şöbəsində qeydə alınmayan hadisə qalmayıb. Məsələ burasındadır ki, hətta bir dəfə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməliyyat da keçirib. Lakin heç bir faydası olmayıb. Daha doğrusu, bundan nəticə belə çıxarmayıblar.
Bildirək ki, Loğman Müslümovun rəhbəri olduğu şöbəyə müxtəlif məqsədlər üçün 1 milyon manat pul ayrılıb. Bu qədər vəsaiti xırd etmək üçün çeşidli variantlardan istifadə edən şöbə müdiri ilk olaraq, 100 min manatı əsaslı təmir işlərinə «sərf» edib. Amma bununla da kifayətlənməyib, daha 90 min manat pulu da əsaslı təmir işlərinə ayırtdırıb.
Quba Təhsil Şöbəsində daha bir maraqlı əməliyyat keçirilib. Belə ki, cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, bərk inventarların alınması üçün nəzərdə tutulan vəsaitin özünküləşdirilməsi üçün 3 pilləli addım atılıb. Birinci mərhələdə bərk inventarların satın alınması üçün 120 min manat, ikinci dəfə isə 113 min manat vəsaitin ayrılması sərəncamı verilib. Sonuncu dəfə isə bu rəqəm 118 min manat təşkil edib ki, Qubadakı orta məktəblərin durumunun hansı vəziyyətdə olduğunu görənlər bu qədər vəsaitin kimə xərcləndiyini rahatlıqla müəyyənləşdirə bilərlər.
Loğman Müslümovun pul qazanmaq həvəsi onu digər işlərdə də daha bacarıqlı olmağa sövq edib. Məsələn, digər maşın, avadanlıq və inventarların alınması üçün 235 min manat sərf edildiyini sənədləşdirib. Avadanlıqların satın alınması üçün isə 97 min manatın xərcləndiyi qeyd olunur. Ancaq Quba Təhsil Şöbəsinin müdirində insaf deyilən şey də varmış. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, rayondakı orta məktəblərin kompyüter avadanlıqları ilə təhciz olunması üçün 119 min manat ayrılsa da, heç də bu pulun hamısı təyinatı üzrə xərclənməyib. Düzdür, Qubanın bəzi məktəblərinə kompyüter avadanlıqları verilib. Lakin onları bir yerə yığsaq, toplamda heç 20 min manat civarında belə olmaz. Aydın məsələdir ki, 1 milyon manatlıq bir vəsait bütünlüklə Quba təhsilinə sərf olunmayacaqdı.
Rəqəmin belə böyük seçilməsinin səbəbi isə daha rahat maliyyə yeyintisinə yol verməkdir. Həmçinin o da aydın məsələdir ki, Loğman Müslümov bu işdə təkbaşına hərəkət edə bilməz. Və bu pullardan şübhəsiz Qubanın icra başçısına, Təhsil Nazirliyində «tender mafiyası»na da pay çatıb. Amma məsələ bununla da bitmir. Mənbənin məlumatlarında L.Müslümovun böyük məbləğlərin ona aid olmadığını dilə gərirdiyini bildirir: “Bu mövzu ortaya çıxandan bəri təhsil şefi baş verən maxinasiyaların başında ondan əvvəl təhsil şöbəsinin müdiri olmuş, indi isə Quba icra başçısının müavini Yusif Abidovun rəhbərliyi altında baş verdiyini bildirib. L.Müslümov milyonluq maxinasiyadan ona çox cüzi miqdar çatdığını, bu işlə bağlı yoxlamalar keçirilərsə Y.Abidovla məsuliyyəti bölüşəcəyini bildirir”.