Bu gün:
Xezer.info » Xəbər » Masallıda təhsil maxinasiyası - Nazirin nəzərinə...

Masallıda təhsil maxinasiyası - Nazirin nəzərinə...


Masallıda təhsil maxinasiyası - Nazirin nəzərinə...
Artıq uzun müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Masallı Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti barədə açıqlamalar yer almaqdadır. Daxil olan müraciətlərdə Masallı sakinləri rayonun təhsil sistemində dərin kök salmış korrupsiya hallarından narazılıqlarını ifadə edirlər. Bununla bərabər, rayonun təhsil işçiləri də Masallı RTŞ-nin müdiri Tariyel Əkbərovun öz işində yol verdiyi ciddi qanun pozuntularından bəhs edən məlumatlar təqdim etməkdədirlər. Bu xüsusda aldığımız açıqlamalarda iddia olunur ki, Tariyel Əkbərov tərəfindən hər ay məktəb direktorlarının və müəllimlərin aylıq əmək haqqlarına əl qoyulması, rayonda fəaliyyət göstərən məktəblərin işinə yersiz müdaxilələr edilməsi bir çox xoşagəlməz nəticələrə səbəb olur. Elə dünən redaksiyamıza daxil olmuş növbəti məlumatlarda, yenidən Masallı məktəblərində törədilən maxinasiyalardan xəbər verilir. İlk növbədə mənbə bildirir ki, hazırda məktəblərdə aparılan dərs bölgüsü prosesi RTŞ müdirinin nəzarəti altında həyata keçirilən əsil rüşvət yığımına çevrilib. Xatırladaq ki, bundan əvvəl redaksiyamıza təqdim olunan açıqlamalarda Tariyel Əkbərovun hələ ötən tədris ilinin sonlarına yaxın, Masallı məktəblərində müqavilə üzrə işləyən müəllimlərə qarşı irəli sürdüyü ultimatumdan bəhs edilirdi. Bu xüsusda aldığımız açıqlamalarda qeyd olunmuşdu ki, RTŞ-nin rəhbərliyi əmək müqavilələrini yeniləmək niyyətində olan müəllimlərdən 1000-2000 manat arası (tədris etdikləri dərs saatlarının sayına müvafiq olaraq) ödəniş etmələrini tələb edib.

Digər bir məlumatda isə, rayonun bir çox məktəblərində tətbiq olunan “Evdə təhsil” proqramı ilə bağlı törədilən maxinasiyalardan bəhs olunur. Mənbə bildirir ki, bu gün Masallıda ümumilikdə bu proqram üzrə 200 nəfər şagird təhsil alır. Tariyel Əkbərov isə, bu 200 nəfər şagirdin hər birinə görə məktəb direktorlarından 350 manat pul alır. Göründüyü kimi, il ərzində RTŞ müdirinin yalnız “Evdə təhsil” proqramı ilə bağlı maxinasiyalardan əldə etdiyi gəlir 70 min manat təşkil edir. Lakin mənbələrin iddiasına görə, RTŞ müdiri bu məbləği tək “yemədiyinə” ətrafındakıları inandırmaq üçün, həmin pulun böyük bir hissəsini Masallı Rayon İcra Hakimiyyətinin başçısı ilə və Təhsil Nazirliyinin rəhbərliyi ilə bölüşdüyünü bəyan edir. Maraqlıdır ki, Tariyel Əkbərov hələ də Masallı RTŞ-nin müdiri vəzifəsinə TN tərəfindən təsdiq olunmayıb və öz vəzifələrinin icrasını yalnız RİH başçısının daxili əmri əsasında həyata keçirir.

Aldığımız digər bir məlumatda isə, cari tədris ilində Masallı məktəblərində xüsusilə çox müşahidə olunan “izafi sinif” maxinasiyası barədə açıqlama verilir. Mənbə bildirir ki, bir çox məktəb direktorları üç yuxarı siniflərin hər birindən bir neçə şagird götürməklə, yeni, dördüncü (sayca) sinif yaradırlar. Təbii ki, bu əməliyyat ilk növbədə yeni dərs saatlarının alınması üçün həyata keçirilir. Tariyel Əkbərov isə, hər belə bir sinifin təsdiq olunmasına görə, həmin məktəbin direktorundan 800 (səkkiz yüz) manat pul alır.

Digər tərəfdən də, yeni aldığımız məlumatlardan birində Masallı təhsilində saxta diplomlu müəllimlər probleminin hələ də öz həllini tapmadığı bildirilir. Bu barədə açıqlama verən mənbənin sözlərinə görə, bir müddət əvvəl Təhsil Nazirliyi tərəfindən Masallı rayonu, Meşəkənarı kənd orta məktəbində dərs deyən müəllim Quliyev Hacı Fəyaz oğluna məxsus diplomun da saxta olduğu müəyyən edilmişdi. Lakin buna baxmayaraq, Hacı Quliyev bu gün də həmin məktəbdə “pedaqoji” fəaliyyətini davam etdirir...

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.dia.az