Ölən əsgərin anası generalı tələb edir
04-okt-20162015-ci ilin mayında Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki N saylı hərbi hissəsində müəmmalı şəraitdə dünyasını dəyişən əsgər Tapdıq Babaşovun anası Kifayət Süleymanova hərbi hissənin komandiri, general İlham Abdullayevin məhkəmədə dindirilməsini istəyir. Zərərçəkmiş Süleymanova bu barədə məhkəmədə vəsatət qaldırıb.
Təkrar tibbi ekspertiza təyin edildiyindən, Bakı Hərbi Məhkəməsində bu iş üzrə proses bir neçə olar dayandırılmışdı. Artıq ekspertizanın nəticəsi məlum olduğundan, rəy məhkəmə iclasında açıqlanıb. Məlum olub ki, bu rəy də əvvəlki ekspertiza ilə üst-üstə düşür. Təkrar ekspert rəyində yeni məqam Tapdıq Babaşovun dabanındakı xəsarətlərin kənar müdaxilə nəticəsində yarana biləcəyi və onun hündürlükdən mayallaq aşaraq düşməsi barədədir.
“Hərbi hissənin kameralarına baxılsın”
Rəylərin bir-birini təkrarladığını vurğulayan Kifayət Süleymanova işin obyektiv araşdırılması üçün hərbi hissədə quraşdırılmış təhlükəsizlik kameralarına baxış keçirilməsini və hərbi hissə komandirinin məhkəmə iclasında dindirilməsini istəyib.
Məhkəmə prosesinə sədrlik edən hakim Müslüm Əliyev kameraların yaddaşına baxış keçirilməsindən ötrü hərbi hissəyə sorğu ilə müraciət ediləcəyini desə də, generalın əlavə şahid qismində çağırılıb dindirilməsi barədə vəsatətə münasibət bildirməyib.
Məhkəmə oktyabrın 11-də davam edəcək.
Evin tək oğlu olan və BDU-nun tarix fakültəsini fərqlənmə diplomuyla bitirən Tapdıq Babaşov ötən il mayın 22-də dünyasını dəyişib. Rəsmi məlumatda onun hərbi hissədə incidildiyinə görə, bezərək özünü üçüncü mərtəbədən atıb intihar etdiyi bildirilir. Lakin onun yaxınları Tapdığın özünü öldürdüyünə inanmırlar. Kifayət Süleymanovanın fikrincə, oğlunu döyüb öldürüblər və sonradan izi itirmək üçün onu hərbi hissənin üçüncü mərtəbəsindən atıblar.
Manqa komandirləri məhkəmə önünə çıxarılıblar
Ölüm faktı ilə əlaqədar hərbi hissənin keçmiş manqa komandirləri Ruslan Cavadov, Cəmil Ağayev və Elməddin Babayev məhkəmə önünə çıxarılıblar. Onlar Cinayət Məcəlləsinin 125-ci (özünüöldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqiretmə, döymə və ya işgəncəvermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə ittiham olunurlar.
Kifayət Süleymanova ilə yanaşı, hərbi hissənin daha 50 əsgəri də zərərçəkmiş qismində tanınıb. İttihama görə, məhkəmə qarşısına çıxarılan üç nəfər bu əsgərləri də döyüb və təhqir edib. Əsgərlər məhkəmədə ifadə verərkən döyüldüklərini, manqa komandirlərinin onları üzüstə yerə uzadaraq, kürəklərində çəkmə ilə gəzdiklərini bildiriblər. Təqsirləndirilən şəxslər hələ ifadə verməyiblər. (azadliq.org)