“İrşad Telecom”da göstərilən faizsiz reklamlara inanmayın – FOTOFAKT
03-okt-2016Paytaxtda məişət avadanlıqlarının, o cümlədən mobil telefon və notebookların alış-satışıyla məşğul olan çoxlu sayda mağaza var. Demək olar ki, hər addımda məişət avadanlığı satan dükanlarla rastlaşırıq. Lakin bəziləri fəaliyyətində bir sıra qanunsuzluqlara, özbşınalıqlarla, istehlakçıların hüquqlarını pozmağa yol verirlər. Bu mağazalar şəbəkəsindən biri də 2000-ci ildə “İrşad Electronics” adı ilə fəaliyyətə başlayan ancaq 2007-ci ildən isə adını dəyişərək fəaliyyət göstərən “İrşad Telecom” şirkətidir. “İrşad Telecom” şirkəti ilə bağlı mətbuatda bir çox şikayətlər yazılıb. Bu günlərdə isə qeyd olunan şirkətin saytında bir neçə elanla rastladıq. ən çox diqqətimizi çəkən bir neçə mobil telefonda olan “6 ay müddətinə ilkin ödənişsiz, faizsiz olan mobil telefonlar diqqətimizi çəkdi. Bunlardan bir neçəsin oxucuların diqqətinə çatdırırıq. “KENEKSİ ELLİPS BLACK” mobil telefonunun qiyməti 139 Azn göstərilib. Qeyd olunan telefon 6 ay müddətində ilkin ödənişsiz və faizsiz yazılıb. Kredit şərtlərində 6 ay müddətində hər ay 26 azn ödəmək lazımdır. bu müddətdə isə ümumi ödəniləcək məbləğ 152,90 azn yazılıb. Qısa bir hesablama aparsaq, görərik ki, telefonun qiymətindən 14 azn (10%) çoxdur. “Keneksi Helios Gold”markalı mobil telefonun qiyməti 299 azn göstərilib. Reklamda 6 ay müddətində ilkin ödənişsiz faizsiz göstərilib. Kredit şərtlərinə görə 6 ay müddətində hər ay 55 azn nəzərdə tutulub. 6 ay boyunca ümumi ödəniləcək məbləğ 328.90 azn göstərilib. Sadə bir hesablama ilə görürük ki, bu halda telefonun qiymətindən 30azn (10%) çoxdur. “Alcatel Idol 4 (6055K) Dark Grey” telefonun qiyməti 549 azn və 6 ay müddətində ilkin ödənişsiz faizsiz göstərilib. Kredit şərtlərinə görə 6 ay müddətində hər ay 101 azn nəzərdə tutulub. Sonda ümumi ödəniləcək məbləğ 603.90 azn göstərilib. Sadə bir hesablama ilə məlum olur ki,, bu telefon istehlakçıya öz qiymətindən 55 azn (10%) baha satılır. Bunu uzun-uzadı yazmaq olar çünki saytda qeyd olunan bir çox telefon belə göstərilib. Ancaq əslində isə heç bir faizsiz telefondan söhbət belə getmir. 6 ay ilkin ödənişsiz faizsiz reklam yalandır və vətəndaşları aldadaraq cəlb etmək üçün olan reklamdır, göründüyü kimi faizsiz göstərilən telefonlarda əslində hərəsinin üzərinə 10% əlavə olunur. Vətəndaş da araşdırmadan ,baxmadan faizsiz olduğuna inanaraq, bu fırıldağın qurbanı olur. “Azad İstehlakçılar Birliyi 6 ay əvvəl faizsiz kredit reklamları yayan mağazalarda monitorinq keçirib və 30 səhifədən ibarət analitik hesabatı Milli Məclisə, İqtisadiyyat və Vergilər nazirliklərinə də göndərmişik. Biz müəyyən etmişik ki, bu cür “kredit” adlanan satışlar vasitəsilə ölkədə hər il 1,3 milyard manatdan çox vəsait vergidən yayındırılır. Vergilər Nazirliyində bu məsələni araşdıracaqlarını bildiriblər, İqtisadiyyat Nazirliyi isə bunu nisyə satış kimi qiymətləndirir. Halbuki, istehlakçılara şişirdilmiş qiymətə mal satmaq nisyə satış deyil, sələmçiliyin bir növüdür”, – deyə eskpert, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Qafqaznews.az-a bildirdi. Onun sözlərinə görə, mağazalarda bank nümayəndələri yox, sələmçilər oturur və onlar bəzən malların dəyərindən 30-40 faizini istehlakçılardan tələb edir. “Bu şəxslər və yaxud mağazalar kredit təşkilatı deyil. Onlardan kredit alan şəxslər Mərkəzi Bankın Reyestrində qeydiyyata düşmürlər. Lakin bu sələmçilər bir çox ailənin dağılmasına, hətta insanların intiharına belə səbəb ola bilirlər. Çox zaman, onların idmançı kollektorları olur ki, istehlakçıları qorxudaraq, müxtəlif vasitələrlə pul alırlar. Bu zorakılıqlar cəmiyyətdə çox gərgin və xoşagəlməz mənzərə yaradır. “Kontakt”, “İrşad Electronics” kimi şirkətlərdən daha çox şikayətlər gəlir. Onların fəaliyyətini nəzarətə götürmək, şişirdilmiş qiymətlərin, sələmçiliyin qarşısını almaq lazımdır. Təəssüflər olsun ki, ictimai təşkilatların qaldırdığı məsələlər barədə İqtisadiyyat Nazirliyi lazımlı tədbir görmür. Bu kreditlər ASAN Xidmət bazasında da qeydə alına bilər, lakin heç bir qeydiyyat yoxdur, həm istehlakçıların hüququ pozulur, həm də dövlətdən pul gizlədilir”, – deyə E.Hüseynov əlavə etdi. Biz “İrşad Telecom”un “Qaynar xəttinə zəng etdik. Rüfət adlı operator bildirdi ki, rəsmi iş yeri olanlara 10 faiz, rəsmi iş yeri olmayanlara isə 15 faiz komissiya nəzərdə tutulur. Bundan başqa, onun sözlərinə görə, “İrşad Telecom” hər aya görə 2 faiz dərəcəsi əlavə edir. Şirkət əməkdaşı qeyd etdi ki, bu, daxili kreditdir. Lakin “Kredit təşkilatı olmadığınız halda necə kredit verirsiniz?” sualına “İrşad Telecom” əməkdaşı sualla cavab verdi: “Siz nəyi bilmək istəyirsiniz?” “Sizin komissiya və faiz dərəcələri dövlətə hesabatlarda, o cümlədən vergi hesabatlarında öz əksini tapır?”, – deyə soruşduq. “Hər halda, icazə verilir ki, biz bununla məşğuluq”.
gundelik-baku.com