Sumqayıt bələdiyyəsi həqiqəti söyləmək üçün məhkəmə qərarı tələb edir
30-sen-2016Bu günlərdə redaksiyamızın elektron ünvanına Sumqayıt Bələdiyyəsinin mətbuat katibi Vüsal Məmmədov tərəfindən tərtib olunmuş məktub daxil olmuşdur. Etiraf edək ki, bir mətbuat katibi üçün kifayət qədər “kasad” yazılmış bu məktubun hansı məqsədlə göndərildiyi bizə sonadək aydın olmadı. Böyük ehtimalla, qəzetimizin 22.09.2016-cı il tarixli sayında dərc olunmuş məqalədə, özünün yarıtmaz fəaliyyəti səbəbilə tənqidimizə tuş gəlmiş Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədovun “onların cavabını ver” kimi göstərişinə əməl etmək məcburiyyətində qalmış Vüsal Məmmədov, bu məktubla rəhbərliyə cavab tədbiri görülməsi barədə hesabat vermək üçün əsas əldə etmişdir. Əlbəttə, Sumqayıt bələdiyyəsinin daxilində rəhbər-işçi münasibətlərinin hansı əsaslar üzərində qurulduğu bizi çox elə də maraqlandırmır. Amma mətbuat katibinin bu məktubla bələdiyyə rəhbərliyinin məqalədə irəli sürülən ittihamlara münasibət bildirməsi görüntüsü yaratmaq cəhdinin baş tutduğunu da qətiyyən söyləyə bilmərik. Məktubda deyilir: “Ötən həftə bəzi internet saytlarda «Sumqayıtın ev yıxan bələdiyyə sədri» başlığı altında guya Sumqayıt Bələdiyyəsinin və onun sədrinin fəaliyyəti ilə bağlı material dərc edilmişdi. Hesab edirik ki, yazının sərlövhəsindən tutmuş son nöqtəsinədək material ilk növbədə jurnalistikanın etik kodeksini pozur. Heç bir media orqanı, heç bir jurnalist heç bir kəsi məhkəmə qərarı olmadan hansısa cinayətdə ittiham edə bilməz. Ola bilsin ki, bu cür başlıqlar İP sayını artırır, ancaq bu başqalar kiminsə işgüzar nüfuzunun xərclənməsi, tapdalanması hesabına baş verməməlidir. Eyni zamanda təəssüf edirəm ki, həmkarlarımız yazını dərc etməmiş qarşı tərəfin mövqeyini öyrənməyə təşəbbüs göstərməyiblər. Materialda əks olunan şikayətə gəldikdə isə sadalanan faktlar həqiqəti əks etdirmir.”
Qeyd edək ki, məktubda heç bir düzəliş olunmayıb. Deyildiyi kimi, mətn məzmunca çox kasad olsa da, bir-iki məqamla diqqətimizi cəlb edə bilib. İlk növbədə bizi belə bir sual maraqlandırır. “Heç bir media orqanı, heç bir jurnalist heç bir kəsi məhkəmə qərarı olmadan hansısa cinayətdə ittiham edə bilməz” ifadəsi ilə bizə irad tutan Vüsal Məmmədov, görəsən məhkəmə qərarı olmadan vətəndaşın evinin sökülməsini necə qiymətləndirir? Niyə bu konkret fakt barədə məktubda bircə kəlmə ilə də olsa belə, mövqey bildirilmir? Axı məqalədə söhbət heç də mücərrəd ittihamlardan getmirdi. Sumqayıt şəhər sakini, Sumqayıt ş. 41 məhəllə, 9 saylı yataqxana, mən. 55 ünvanında qeydiyyatda olan İmanova Sevil Tapdıq qızı imzaladığı ərizədə bələdiyyə sədri Sultan Əsədova əlbə-əl verdiyi pulların məbləğini, evin inşasına necə icazə aldığını və nəhayət bu evin yenə də Sultan Əsədov tərəfindən, həm də 3 il sonra necə uçurulduğunu konkret və aydın ifadələrlə təsvir edir: “Üç ildir ki, burada yaşayıram. Mən dəfələrlə Sumqayıt şəhər bələdiyyəsinə müraciyyət etmişəm ki, mənə buranın sakini olduğuma görə lazımı sənəd versinlər. Bələdiyyənin rəhbərliyi də cavabında demişdi ki, bu torpağa hələ sənədləşmə getmir, haçansa gedəndə sizə sənəd verərəm. Şifahi olaraqsa, məndən ev tikməyə razılıq vermələri üçün 1000 manat pul istəmişdilər. Mən də o pulu verdim. Həmin bu evi tikdim. Bir müddətdən sonra, Sultan müəllim – sənədləşmə aparmağın vaxtıdı, dedi və məndən əlavə 5000 manat istədi. Mən bu məbləği də ona verdim...” və “19-09-2016-cı il tarixində, saat 19:30 radələrində mülki geyimdə və polis formasında olan bir qrup şəxs qəflətən gəlib, nə özlərini, nə də heç bir məhkəmə qərarını təqdim etmədən, hasarımızı uçurub, həyətə girdilər. Yoldaşım onlardan nə üçün gəldiklərini soruşanda, polis işçiləri onun qollarını buraraq, səni tutarıq deyib, ona təzyiq göstərərək, yaşadığımız evi yerlə yeksan etdilər...” Niyə aldığımız məktubda bu məqamlara aydınlıq gətirilmir? Bunun əvəzində isə, “kiminsə işgüzar nüfuzunun xərclənməsi, tapdalanması”ndan doğan narahatlıqla qarşılaşırıq. Vüsal müəllim, unutmayın ki, həmin o “kimsə” öz işgüzar nüfuzunu rüşvət kimi aldığı ilk manatla artıq çoxdan özü xərcləmiş və tapdalamışdır. Bunun üçün onun bizim yardımımıza qətiyyən ehtiyacı yoxdur. Sizin məktubunuza gəlincə isə, əgər həqiqətən də materialda sadalanan faktların həqiqəti əks etdirmədiyinə özünüz inanırsınızsa, o zaman buyurun, yazdıqlarınızı əsaslandırın.bizimdovr/
Məsələyə Sumqayıt şəhər bələdiyyəsinin də münasibətini hələ də öyrənmək istərdik.