Bu gün:
Xezer.info » Siyasət » Kreml Bakıya daha bir zərbə hazırlayır - Gəlişmə...

Kreml Bakıya daha bir zərbə hazırlayır - Gəlişmə...


Kreml Bakıya daha bir zərbə hazırlayır - Gəlişmə...
Gələn ay - oktyabrda “Rusiya NATO”su adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) Təşkilatına yeni baş katib rəhbərlik edəcək. Xəbər verdiyimiz kimi, yeni baş katib qurumun altı üzvündən biri olan Ermənistanın nümayəndəsi olacaq. Bu barədə KTMT-nin hazırkı baş katibi, general Nikolay Bordyuja bildirib. Oktyabrın 14-də “Rusiya NATO”sunun İrəvan toplantısında onu erməni əvəzləyəcək.

Yada salaq ki, öncə Bordyujanı Ermənistanın indiki müdafiə naziri, Xocalı hərbi canilərindən olan Seyran Ohanyanın əvəzləyəcəyi deyilirdi. Lakin az sonra Ohanyan bu vəzifəyə getməyəcəyini, belə bir təklif olarsa, imtina edəcəyini bəyan elədi. Siyasi müşahidəçilərə görə, onun açıqlaması Ermənistandaxili durum və siyasi, konstitusion islahatlarla birbaşa əlaqəlidir. Belə ki, iddialara əsasən, Ohanyan özünü ölkənin növbəti prezidenti kimi görür. KTMT baş katibi postu isə təbii ki, bu yolda ciddi əngəl olardı.
Ancaq o da istisna deyil ki, Seyran Ohanyanın namizədliyi Azərbaycanda qıcıq yaradacağı üçün məqbul sayılmayıb və bunu da onun özü yaxşı bildiyindən qabaqcadan imtina qərarı verib. Hər necə olmasa, Xocalı canisinin namizədliyini KTMT-də Azərbaycana dost ölkələr olan Qazaxıstan, Qırğızıstan və Belarus da müdafiə eləməlidir.

Bu arada isə erməni KİV-lərində yeni baş katib postuna təzə namizədlərin adı üzə çıxıb. Bu xüsusda “Qraparak” nəşri yazır: “Hakimiyyət kuluarlarında son vaxtlar belə söhbətlər gəzir ki, KTMT-nin baş katibi Ermənistan Respublikasının keçmiş müdafiə naziri, ”Milli tərəqqi" partiyasının lideri Vaqarşak Arutunyan olacaq. Onun namizədliyi haqda çoxdan danışılır. Srutunyanın namizədliyi ilə Rusiya tərəfi də razıdır, çünki o, rusiyayönlü adam kimi tanınır. Məsələn, Rusiya ilə Ermənistan arasında ortaq raketdən müdafiə sisteminin yaradılması ilə əlaqədar, sabiq müdafiə naziri demişdi ki, buna görə Rusiyaya minnətdar olmaq lazımdır. Ancaq ikinci şəxsin də namizədliyi müzakirə edilir. Bu - “DQR”in keçmiş “prezidenti” Arkadi Qukasyandır".

***

Göründüyü kimi, KTMT-yə rotasiya qaydasında olsa belə, Ermənistan nümayəndəsinin rəhbər gətirilməsi ilə yanaşı, namizədin personası da Azərbaycan üçün önəmini saxlamaqda davam edir. Bu yerdə qeyd edək ki, “İsgəndər” operativ-taktiki raket kompleksi ilə bağlı qalmaqaldan sonra onsuz da Bakı ilə Moskva arasında rəsmi səviyyədə özünü büruzə verilməsə də, sərinlik yaranıb. Hətta bəzi təhlilçilərə görə, fakt rəsmən təsdiqlənsə Bakı Moskva ilə münasibətlərinə ciddi korrektə edə bilər.

Söhbət təkcə ermənilərin əlinə Bakını belə hədəfə ala biləcək raketlərin keçməsindən getmir. Çünki “İsgəndər” kompleksi müdafiə üçün yox, hücum üçün - qarşı tərəfin siyasi rəhbərlik və ordunu idarə mərkəzlərinə ilk zərbə endirmək üçün nəzərdə tutulub. Həm də ondan gedir ki, bu komplekslər işğalçı tərəfi danışıqlar masası arxasında daha maksimalist mövqe tutmağa, mövcud status-kvonu uzatmağa və kövrək sülh danışıqlarını sabotaj etməyə şirnikləndirir.

Üstəgəl, Qarabağa separatçılarının liderinin KTMT-yə rəhbər gətirilməsi Rusiya tərəfdən Azərbaycana qarşı növbəti qeyri-dost davranış olardı. Eyni zamanda bu, Dağlıq Qarabağda separatizmin Moskva tərəfindən dəstəklədiyinin növbəti bariz təsdiqi sayılardı - hansı ki, Rusiyanın vasitəçilik missiyası və statusu ilə əsla bir araya sığmır.

***
Bəs Moskva Bakı ilə əlaqələri daha da soyudacaq növbəti addıma - sürpriz təyinata gedərmi?

Bir şeyi əminliklə söyləmək olar ki, “İsgəndər” raket kompleksləri ilə bağlı qalmaqalından sonra Moskvanın Bakıya daha bir pisliyi keçərsə, artıq tərəflər arasında münasibətlər yüz faiz əvvəlki kimi olmayacaq. Yəqin ki, Bakı qapalı diplomatik kanallarla öz mövqeyini və narazılığını Kremlə çatdıracaq. Bu mənada istisna deyil ki, Rusiya son anda Qukasyanın namizədliyini rədd eləsin.

Belə söyləmək üçün əsaslardan biri də bir neçə gün öncə Moskvanın “Prezident” hotelində Qarabağ separatçılarının da qatılacağı toplantının ləğv edilməsidir. Bu, onu göstərir ki, Rusiya strateji tərəfdaş saydığı Azərbaycanla da əlaqələrə, hər halda, az önəm vermir və ölkəmizin itirilməsini arzulamır. Bundan başqa, Azərbaycan Rusiyanın etibarlı silah alıcılarından biridir.