Bu gün:
Xezer.info » Hadisə » “Günəşli” neft yatağındakı yanğının əsil səbəbi üzə çıxdı: SOCAR-ı silkələyəcək şok faktlar

“Günəşli” neft yatağındakı yanğının əsil səbəbi üzə çıxdı: SOCAR-ı silkələyəcək şok faktlar


“Günəşli” neft yatağındakı yanğının əsil səbəbi üzə çıxdı: SOCAR-ı silkələyəcək şok faktlarÖtən ilin dekabrında “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş verən və 8 nəfərin ölümü, 22 nəfərin itkin düşməsi və 33 nəfərin isə zərər çəkməsi ilə nəticələnən yanğınla bağlı AzToday.az-a ilginc məlumatlar daxil olub.
Məlumatlarda iddia olunur ki, 10 saylı dərin dəniz özülünün Allahverdi adlı mühəndisi yanğından bir müddət öncə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyinin “28 May” neft-qaz çıxarma idarəsinin baş mühəndisi Qabil Qənbərova 150 atmosfer təzyiqə davamlı qaz borusunun çürüməsi haqda məlumat verib və bildirib ki, borunun belə vəziyyəti çox təhlükəlidir və hər an yanğın baş verə bilər, bu üzdən boru təcili dəyişdirilməlidir.
Baş mühəndis isə ona qaz borusunun olmadığını deyib və məsləhətləşmələrdən sonra həmin boru 100 atmosfer təzyiqə davamlı su borusu ilə əvəzlənib.
Bu fakt wikipediada yaradılan “Günəşli neft yatağında yanğın (2015)” adlı səhifədə də öz təsdiqini tapıb. Belə ki, həmin səhifədə yazılır ki, 4 dekabr 2015-ci ildə 17.40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, nəticədə boru kəmərini zədələmiş və şiddətli yanğın baş vermişdir.
Mənbə bildirir ki, ARDNŞ-nin Fontana qarşı Dağ-mədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin əməkdaşları qaz borusunun çürüməsi haqda informasiyanı Azərbaycan Respublikası Şirkətin vitse-prezidenti Mikayıl İsmayılova çatdırsalar da qarşı tərəf buna laqeyd yanaşaraq ciddi ölçü götürməyib.
Deyilənə görə qaz borusunun su borusu ilə dəyişdirilməsi olayı Dövlət Neft Şirkətinin rəhbərliyini bərk narahat edib və bunun ölkə başçısına çatdırılmaması və ört-basdır olunması üçün bütün vasitələrə əl atılıb.
Alınan məlumata görə, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərovun adamı kimi tanınan “28 May” neft və qazçıxarma idarəsinin rəisi Rövşən Qarayevin vəzifəsi dəyişdirilərək Birliyin Qaz Anbarlarının İstismarı İdarəsinə rəis gətirilib.
Qeyd edək ki, hazırda adı çəkilən özül təmir edilir, ancaq şahidlərin fikrincə, həmin özülü təmir etmək mümkün deyil, o, yenidən inşa edilməlidir.
Aldığımız ilginc informasiyanı dəqiqləşdirmək məqsədilə SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyevin münasibətini öyrənməyə çalışdıq. O isə “Buna yalnız Azərbaycan Respublikası Baş Prokurorluğu münasibət bildirə bilər” cavabını verdi.
Ancaq yenə də bu yanğın olayının nədən baş verməsini aydınlaşdırmaq üçün SOCAR-ın rəhbərliyindən, xüsusilə qaz borusunun su borusu ilə əvəzlənməsindən xəbəri olan vitse prezident Mikayıl İsmayılovdan cavab gözləyirik.
AzToday.az olaraq 31 neftçinin ölümünə səbəb olan dəhşətli yanğının günahkarları ilə bağlı niyə tədbir görülməməsini araşdırmaqda davam edirik.