“Mənimlə şəkil çəkdirmək cinayətdirsə, biz, nədən danışa bilərik?!” –Prezidentdən sərt açıqlama
21-sen-2016"Əgər ABŞ-ın ATƏT-dəki nümayəndəsinin fikrincə, mənimlə şəkil çəkdirmək cinayətdirsə, biz nədən danışa bilərik?! Mən nə dedim? Mən dedim ki, əgər Şahtaxtinski işdən azad olunsa ofis bağlanacaq. Mən onlara xəbərdarlıq etdim, onlar qulaq asmadılar və biz bunu etdik. İndi onlar ofisin fəaliyyətini bərpa etmək istəyirlər. Mən şərt qoydum. Şahtaxtinskini geri qaytarın, ədaləti, onun karyerasını bərpa edin və o zaman biz ofisi yenidən açarıq. Bütün bunların arxasında duran məsələ bundan ibarətdir”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin üzvləri ilə görüşü zamanı deyib.
ATƏT-in Bakıdakı ofisinin bağlanması məsələsinə toxunan dövlət başçısı onun səbəblərindən danışıb. O bildirib ki, ATƏT-in Bakıdakı ofisi Azərbaycan hökuməti ilə ATƏT arasındakı anlaşma memorandumuna xitam verməklə bağlı Azərbaycan hökumətinin qərarı ilə 2015-ci ilin iyulunda bağlanıb.
“Bəli, buna xitam verilib, lakin məlumat üçün deyim ki, bunun səbəbi olub.ATƏT ofisinin yerli nümayəndəsi Azərbaycan əsilli Fransa vətəndaşı, Fransanın Xarici İşlər Nazirliyində çalışan yeganə azərbaycanlı idi. O, çox məşhur bir ailənin nümayəndəsidir. Onun mənsub olduğu nəslin nümayəndələri 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının yaradıcılarından olub. Bu ailəyə Azərbaycanda çox hörmətlə yanaşılır. Bu şəxs Azərbaycanda cəmi bir il fəaliyyət göstərəndən sonra iş otağında mənimlə fotosu olduğuna görə onu daimi komitənin iclasında günahlandıran ABŞ-ın ATƏT-dəki səfiri Baerin ciddi müdaxiləsi nəticəsində işdən azad olunub. Məndə olan məlumata görə, onlar Fransa hökumətinə təzyiq göstəriblər və ATƏT-in buradakı nümayəndəsi Şahtaxtinskiyə heç bir izahat verilmədən o, işdən azad olunub. Onun karyerasına son qoyuldu, o, Fransa Xarici İşlər Nazirliyindən çıxarıldı. Sadəcə mənimlə fotosu olduğuna görə. Əgər ABŞ-ın ATƏT-dəki nümayəndəsinin fikrincə mənimlə şəkil çəkdirmək cinayətdirsə biz nədən danışa bilərik?! Mən nə dedim? Mən dedim ki, əgər Şahtaxtinski işdən azad olunsa ofis bağlanacaq. Mən onlara xəbərdarlıq etdim, onlar qulaq asmadılar və biz bunu etdik. İndi onlar ofisin fəaliyyətini bərpa etmək istəyirlər. Mən şərt qoydum. Şahtaxtinskini geri qaytarın, ədaləti, onun karyerasını bərpa edin və o zaman biz ofisi yenidən açarıq. Bütün bunların arxasında duran məsələ bundan ibarətdir”, – deyə, o, vurğulayıb.
APA