Maliyyə rəisi xələfini bitirib Ağcabədini talan edir...
21-sen-2016Ağcabədidə Maliyyə İdarəsinin rəisi Racı Səfərov iki istiqamət üzrə ad çıxarıb Politika.Az-a rayon sakinlərinin verdiyi məlumatda iddia olunur ki, yeni idarə rəisi bir il ərzində kifayət qədər planı doldura bilib. R.Səfərov həm icra hakimiyyətindəki maxinasiyalara dost əlini uzadıb, həm də özü yeyintilərdə ən yüksək səviyyədə fərasətlidir. Bu da rayonda özbaşınalıq etmək istəyən və büdcə pullarını mənimsəyən məmurların işinə yarayır. R.Səfərovun fəaliyyəti onları ikiəlli qane edir. Əslində, R.Səfərov maliyyə idarəsinin rəis müavini işlədiyi dönəmdən Ağcabədidəki idarə müdirlərinin yaxın dostu olub. O zaman rəis vəzifəsində Xosrov Nəsirov idi və fəaliyyətində yetərincə neqativ hallar aşkarlanmışdı. Maliyyə Nazirliyi onun korrupsiya əməllərinin olmasına görə vəzifəsindən kənarlaşdırmışdı. Ancaq nazirlik hansısa islahata getmədi. Elə onun yerinə müavini olmuş R.Səfərov gətirildi. Bəzi iddialara görə, X.Nəsirovun “vurulmasında” R.Səfərovun da rolu olub. Müavin onun postuna göz dikdiyi üçün rəisi sıradan çıxara bilib. Üstəlik, Nəsirovun yeyinti faktları barədə Səfərovun əlində müfəssəl bilgilər vardı. Onların nazirliyə dosye şəklinə təqdim olunduğu bildirilir. Rəis müavini özü haqda elə rəy formalaşdırıb ki guya bu əməliyyatlarda iştirakı olmayıb. Ağcabədidəki məmur klanı da onu müdafiə edib və rəis gətirilməsinə dolayısı ilə dəstək verib. Deyilənə görə, indi həmin məmurlar da, rəis də zəhmətinin bəhrəsini “yeyir”. R.Səfərov bu gün də həmin əməllərini davam etdirir. O da deyilir ki, maliyyə rəisi işini bilən peşəkar kadrdır və maxinasiyaların necə həyata keçirilməsini gözəl bilir. Onu da deyək ki, Ağcabədi rayon maliyyə idarəsinin keçmiş müdiri Xosrov Nəsirov otuz ildən artıq idi bu sahədə çalışırdı. Bir neçə nazir və 10-dan artıq icra başçısı ilə işləyib. Amma onu maliyyə pozğunluğuna sövq etdilər və sonra yoxlama keçirib işdən azad etdilər. Belə ki, dövlət başçısının abadlıq və sosial obyektlərin tikilişi üçün ayırdığı maliyyə vəsaitləri başqa üsullarla mənimsənilirdi.
.