Bakıda bitməyən yol təmiri - paytaxtı kor-təbii şəkildə qazırlar...
20-sen-2016Ekspertlər təmir işlərinin daha çox ilin sonunda aparılmasının səbəblərindən danışdılar; məqsəd büdcə pullarını daha çox mənimsəməkdir...
Paytaxtda son illər yol təmir-bərpa işləri kor-təbii şəkildə aparılır. Eyni yol ildə bir dəfə təmir edilir, həmçinin təmir işləri yay aylarında deyil, daha çox yağışlar başlayan və yollarda avtomobillərin daha çox olduğu vaxtlarda həyata keçirilir. Məsələn, Badamdarda ötən il tam təmir edilən, milyonlar xərclənən yol yeddi ay sonra yenidən təmirə dayanıb. İndi qəsəbədə bütün yolları qazıb su xətti keçirirlər. Yaxud Bakı- Sumqayıt yolunu yayın boş, avtomobillərin az olduğu günlərini qoyub məktəblər açılandan sonra yenidən təmirə bağlamışdılar.
İki gündür yüzlərlə vətəndaş saatlarda yollarda, tıxacda qalıb. Həmçinin, Bakı-Sumqayıt yolunun Ceyranbatan hissəsində təmir üçün yolun bir hissəsini 2 kilometr ərazidə aylarıdır qazıblar, amma iş bitmir ki, bitmir. Burada hər gün qəzalar olur, insanlar yolsuzluqdan təngə gəlib, amma işlər çox ləng aparılır. Daha çox Bakının mərkəzindən kənarlardakı yollarda aparılan bu cür təmir-bərpa işləri vətəndaşların haqlı narazılığına və narahatlığa səbəb olur. Ekspertlər musavat.com-a məsələnin fərqli tərəflərindən danışıblar. Bildirilir ki, yol təmirlərinin daha çox ilin sonuna doğru həyata keçirilməsi büdcədə qalan pulun tez-tələsik xərclənməsi və ümumi büdcəyə qaytarmamaq istəyidir. Üstəlik, illərlə aparılan keyfiyyətsiz və korrupsiyaya yol açan bu cür təmir işlərində cəzasızlıq mühitinin olması da bunu stimullaşdırır. Nəticədə on minlərlə vətəndaş bağlı yollarda il boyu əziyyət çəkməli olurlar.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, səbəb cəzasızlıq mühitinin yaratdığı şəraitdir: “Bu günə qədər Azərbaycanda belə layihələrdə yol verilmiş qanun pozuntularına görə, keyfiyyətsiz iş yerinə yetirdiyinə görə və yaxud hər hansı bir korrupsiya faktlarına görə həbs, cəza olmayıb. Azərbaycanda son illər minlərlə belə layihələr həyata keçirilib. Amma bir nəfər də belə cəzalandırılmayıb ki, ən azından, cəza qorxusu olsun. Cəzasızlıq mühiti sonradan belə layihələrlə bağlı məsələləri yenidən gündəmə gətirir ki, bir dəfə təmir olunan yol bir neçə dəfə təmir olunur. Keçmişdə, bir neçə il bundan öncə buna ciddi əhəmiyyət verilmirdi. Çünki neftin qiymətinin yüksək olduğu dövrlərdə ölkənin kifayət qədər böyük məbləğdə ehtiyatları var idi, qazancı var idi. İllərdir bu mühitin olması korrupsiya sistemlərinin yaranmasına səbəb oldu”.
Ekspertin sözlərinə görə, əslində dünyanın hər yerində təmir-tikinti işləri, əsasən də yol çəkilişləri korrupsiya üçün çox münbit şərait yarada biləcək layihələrdir: “Ciddi nəzarət olmadıqda korrupsiyaya açıq layihələrdir. Orada görülən işlərin həcmini kağız üzərində kifayət qədər şişirtmək mümkündür. Obrazlı desək, bir kilometr yola yüz maşın torpaq, yaxud daş töküb düzəldəcəklərsə, orada kağız üzərində bunu min, bəlkə də beş min maşına qədər qaldırmaq mümkündür. Buna nəzarət mexanizmləri olmalıdır. O da olmadıqda, cəzasızlıq mühiti olanda, belə bir şərait yaranır”.
N.Cəfərli qeyd edib ki, indi isə ölkədə vəziyyət bir az fərqlidir: “Hökumətin özü də maraqlı olmalıdır ki, büdcədən ayrılan vəsaitlərin, təmir-tikinti vəsaitlərinin doğru-düzgün xərclənməsi üçün ciddi nəzarət mexanizmləri və cəza mexanizmləri olmalıdır. Hələlik bununla bağlı kifayət qədər işlərin görüldüyünü demək təəssüf ki, mümkün deyil. Hələ də bu problemlər davam edir. İlin sonunda həmişə Azərbaycanda belə bir şərait yaranıb. Büdcə qanunvericiliyinə görə, ilin sonuna qədər ayrılmış vəsaiti hər hansı bir dövlət və hökumət təşkilatı, idarəsi, nazirliyi xərcləmirsə, sonradan büdcəyə geri qaytarmalıdır. Ona görə də bu qanunun maddəsini əldə rəhbər tutaraq, çox zaman son aylarda təmirə başlayırlar. Son on ildəki vəziyyətə baxsaq, görərik ki, mütləq sonuncu aylarda büdcə xərcləmələri kifayət qədər artır. Görünən odur ki, indi də bu ənənədən vaz keçmək istəmirlər. İlin sonu yaxınlaşdıqca büdcədə nəzərdə tutulmuş vəsaitləri tez xərcləmək üçün, gələn il büdcəyə geri qaytarmamaq üçün belə təmir-tikinti işlərini daha da artırırlar. Burada cəza mexanizmləri olmadığından, təəssüf ki, belə də davam edəcək. Bunun üçün isə artıq münbit şərait var. Gəlirlər azalıb, xərcləmələrə qənaət rejiminə keçmək lazımdır. Ona görə də hökumət yaxşı-yaxşı düşünməlidir ki, bu mexanizmləri yaratmasa, effektiv olmayan belə layihələr və korrupsiyaya yol açan layihələr getdikcə daha da arta bilər”.
Ekspert Vüqar Bayramov isə musavat.com-a deyib ki, bu il ölkədə yol təmirinə ayrılan vəsaitin həcmində azalmalar var. Birbaşa büdcədən infrastruktur layihələrinə ayrılan vəsaitin azalması ilə bağlıdır: “Amma buna baxmayaraq, Bakının mərkəzində, eləcə də Bakı ilə rayonları birləşdirən yollarda təmirlər davam edir. Yol təmirindəki problemin əsas səbəbi yolların böyük əksəriyyətinin Avropa standartlarına uyğun inşa edilməməsi ilə bağlıdır. Apardığımız monitorinqlər də göstərir ki, əksər hallarda bu cür layihələrdə, əsas da neft bumu dövründə xərclərin şişirdilməsi halları baş verib. Vəsaitin təyinatından yayındırılması müşahidə olunub. Ayrılan vəsaitin tam olaraq öz təyinatı üzrə xərclənməməsi yolların keyfiyyətsiz olmasına gətirib çıxarır. Biz inkişaf etmiş ölkələrdə olduğu kimi, yolların isitsmar müddəti ilə bağlı konkret qruplaşdırmaların olmasını təklif etmişdik. Yollar birinci, ikinci, üçüncü dərəcə ilə qruplaşdırılsın. Hər bir keyfiyyət növünə uyğun olaraq qruplaşdırılan yollarda konkret istifadə müddəti müəyyənləşdirilsin. Məsələn, birinci növ yollar üzrə təmir yeddi il müəyyənləşdirilsin. Yəni həmin yollarda yeddi il müddətinə əsaslı təmir həyata keçirilməyəcək. Yalnız cari təmir işləri həyata keçirilə bilər. Əgər həmin müddətdə birinci dərəcəli yollara bağlı problem yaransa, o deməkdir ki, həmin yol keyfiyyətsizdir. O zaman təbii ki, həmin tenderin nəticələrinə yenidən baxılmasına, həmin yolun inşası ilə məşğul olan şirkətin fəaliyyətinin araşdırılmasına ehtiyac var. Bu gün Azərbaycanda çəkilən əksər yolların qısa zamanda təmir edilməsinin əsas səbəbi yolların istismarı ilə bağlı keyfiyyət meyarlarının olmamasıdır. Keyfiyyət meyarları olmadığı üçün konkret olaraq inşa edilən yolun hansı müddətdə əsaslı təmirə saxlanıla bilməsi ilə bağlı heç bir tələb olmadığına görə, bu, ona gətirib çıxarır ki, yollarda daha qısa zamanda təmirə ehtiyac olur. Daha qısa zamanda yolların dağılmasını və sökülməsini müşahidə edirik. Konkret tələblər olarsa və həmin tələblər daxilində yollar inşa edilərsə nəticədə bu, daha keyfiyyətli yolun inşa edilməsinə gətirib çıxara bilər. Vəsaitə qənaət ediləcək. Vəsaitin təyinatdan yayındırılmasının qarşısını alacaq. Eyni zamanda, bu, imkan verəcək ki, vəsaiti daha səmərəli xərcləmək mümkün olsun. O baxımdan, buna indiki məqamda problemdən çıxış yolu inkişaf etmiş ölkələr üzrə, Avropa Birliyində olduğu kimi yollarla bağlı konkret keyfiyyət meyarlarının və tələblərinin müəyyənləşdirilməsidir. Təbii ki, birmənalı şəkildə yol inşası ilə məşğul olan hər bir şirkətin tələblərə əməl etməsi və yol inşasına məsul olan dövlət qurumlarının da fəaliyyətinə nəzarətin gücləndirilməsinə ehtiyac var. Belə olsa, indiki keyfiyyətdə yolların inşa edilməsinin şahidi olmarıq”.