Azərbaycanda Ramazan ayı bu gündən başlasa da, təkcə evlərdə deyil, mağaza və restoranlarda 11 ayın sultanının gəlişi ilə bağlı bir neçə gündür ki, hazırlıqlar başlayıb.
Oruc tutanlar isə ən çox xurma üçün mağazalara üz tutur.
Quranda adı çəkilən 3 meyvədən biri olan xurmanın ərəb dünyası üçün “səhra çörəyi” olduğunu, yəqin, hamınız bilirsiz. Məhəmməd peyğəmbər (s.ə.v.) də ilk Ramazanın ilk iftarını xurma ilə açıb və müsəlmanlara bu meyvəni tövsiyə edib. Təbii şirniyyat olan xurma insana güc verir, böyrək, ürək, qaraciyəri möhkəmləndirir. Bağırsaqlarda faydalı bakteriyaların inkişafına yardım edir. Quru xurmada 70% şəkər olur ki, bu da istənilən meyvədən çoxdur. Bundan başqa, xurma həm də antioksidantdır. Bu da xərçəng hüceyrələrinə qarşı müdafiə qabiliyyətini artırır.
Bəs iftar nə üçün məhz xurma ilə açılır?
İnsan ac olarkən dili üzərində, ağız boşluğunda, mədə yolu və bağırsaq qişasında bakteriya dolu ərp yaranır. Əgər insan başqa ərzaqla iftarı dərhal açarsa, bu, toksin maddələr elə orqanizmdə qalır, mədəyə düşərək, bədəndən ixrac olmur; amma xurma və su bu zərərli maddələri özünə hopdurur və yenidən orqanizmə yayılmasına imkan vermir. Ona görə əsrlər keçsə də, xurma iftar süfrəsindəki şah yerini qoruyub saxlayır.
Hazırda paytaxt marketlərində xurmanın qiyməti necədir?
Təbii olaraq süfrələrin olmazsa olmazı olan bu meyvə qurusuna Ramazan ayında tələbat da xeyli artıb. Tələb artdıqca qiymətdə də müəyyən fərqlər yaranmağa başlayır.
Bu səbəbdən “Qafqazinfo”nun əməkdaşı paytaxtın bir neçə məşhur supermarketlərinə və kiçik mağazalarına baş çəkərək qiymətlərlə maraqlanıb. Mağazalarda Ramazanın ilk günü olmasına baxmayaraq, xeyli marketdə xurma qutuları tükənmişdi. Satıcılar da bir neçə gündür ki, xurmaya olan tələbin böyük olduğunu qeyd ediblər.
Supermarketlərin bəzilərində bayramla əlaqədar olaraq meyvə quruları endirimə düşdüyünün şahidi olduq. Belə ki, xurmanın qiyməti 27,19-dan 20,99 manata, 7,35-dən 4,99 manata düşüb. Ümumi olaraq isə çəki ilə satılan xurmaların qiyməti 20 manatla 5 manat, qutudakı xurmaların qiyməti isə 2,59 manatdan 5 manat arasında dəyişir. Ancaq tanınmış çərəz marketlərində bu qiymətlər bir az daha bahadır.
Sosial şəbəkələrdə xurmanın 100 qramı 5.2 AZN, kiloqramı isə 52 manata olan foto paylaşılıb.
Bayramın gəlişi ilə bağlı hələ ki, qiymətlərdə hər hansı artım olmadığı deyilsə də, alıcılar sadaladığımız məbləğlərdən elə də razı deyil. Əvvəllər qutusunu 2 manata aldığını deyən Simuzər adlı alıcı 3-4 manata xurmanın çox baha olduğunu söyləyib. Ordubad çərəzləri marketinin satıcısı isə söhbətləşdiyimiz zaman dollar bahalaşdıqdan sonra iri və baha xurmaları daha satış üçün gətirmədiyini bildirib. Həqiqətən də mağazada həmin xurmaların qutuları qalsa da, satışda ölçüsü daha balaca olan xurmalar vardı. Qiymətlər də kilosu 9-16 manat arasında dəyişir.