Bu gün:
Xezer.info » Cəmiyyət » Zaur Hüseynovun “yeraltı səltənəti”: yeni layihədə 500 min yeyinti olub?

Zaur Hüseynovun “yeraltı səltənəti”: yeni layihədə 500 min yeyinti olub?


Zaur Hüseynovun “yeraltı səltənəti”: yeni layihədə 500 min yeyinti olub?Yay gəldi, "Bakı Metropoliteni” QSC-nin kondisioner problemi yenidən gündəmdədir. Hələ köhnə rəhbərliyin dövründən qalan bu problem həllin olunmasına ümidlər yaranmışdı. Söhbət Zaur Hüseynovun QSC-yə rəhbər təyin olunmasından sonra yaranan ümidlərdən gedir. Amma bugünkü vəziyyət metroda "köhnə hamam köhnə tas” prinsipinin davam etdiyini göstərir.

Sözün həqiqi mənasında "cəhənnəm istisinə” Bakının "yer altı” dünyasında tez-tez rastlaşmaq mümkündür. Bu istiyə qatarların gecikməsini, anormal xidmətin olmasını da əlavə etsək, paytaxt sakinləri üçün metrodan istifadə etmək mümkünsüz hala gəlib.

Miq.az-ın "Bakı Metropoliteni” QSC ilə bağlı əldə etdiyi məlumat isə metro qatarlarında kondisionerlərin quraşdırılmamasının səbəbi müəyyən mənada ortaya çıxır.

Məlumata görə, Zaur Hüseynov metronun sədrlik postuna gətiriləndə həll etməyə söz verdiyi problemlərdən biri də məhz kondisioner məsələsi olub. Bunun üçün hətta büdcədən əlavə subsidiya da alıb. Bizə məlumat verən mənbə Z. Hüseynovun təkcə kondisioner problemini həll etmək üçün büdcədən milyonlarla subsidiya aldığını deyir. Bura yeni qatarların alınması məsələsi də daxil olub. Amma yeni sədr nəzərdə tutulan qatarların çox az hissəsini aldı. Buna baxmayaraq, kağız üzərində alınan qatarların sayını çox göstərib. Depolardakı köhnə qatarları cüzi restavrasiya edilərək, yeni qatar kimi xəttə buraxılır.

Büdcənin pullarının hara xərcləndiyi isə artıq məlum məsələdir. Belə ki, Miq.az-ın ötən araşdırmasında Z. Hüseynovun özünə şəxsi biznes qurduğu, "Yaşıl məkan” restoranının ona məxsus olduğu ortaya çıxmışdı. Onun biznes şəbəkəsinə restoranlarla yanaşı, icarəyə verilən iri obyektlər, həmçinin, ticarət obyektləri də daxildir.

Z. Hüseynovun "Bakı Metropoliteni” QSC-yə sədr təyin olunandan sonra Bakının Şüvəlan qəsəbəsində böyük villa tikdirdiyinə dair də informasiyalar mövcuddur.

Əldə etdiyimiz digər məlumatda isə Z. Hüseynovun metroya sədr təyin olunandan sonra yeni layihəsi olan "Avtovağzal” stansiyasında kifayət qədər nöqsanların olduğu deyilir.

Məlumdur ki, "Avtovağzal” metro stansiyası təxminən 35 gün öncə istifadəyə verilib. Dizayn baxımdan göz oxşayan stansiyanın problemləri isə kosmetik bəzəklər altında gizlədilib. Belə ki, stansiyada su sızıntıları var və bu problem hər keçən gün daha da böyüyür. QSC-nin özü də faktı rəsmi şəkildə təsdiqləyib, lakin böyük problem olmadığını qeyd ediblər.

Redaksiyamıza daxil olan məlumatda isə deyilir ki, "Avtovağzal” stansiyasında su sızıntısına səbəb tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə olunmasıdır.

"Yeni stansiyanın tikintisində 500 min AZN-ə qədər yeyinti olub”, - deyə məlumatı verən mənbə bildirir.

Məsələni diqqətdə saxlayacağıq.

Qeyd: qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.