Deputatın səhm biznesi: Ağalar Vəliyev son bir ayda səhmə 200 min manat yatırıb
18-sen-2016Milli Məclisin deputatı Ağalar Vəliyev səhm paketinə nəzarət etdiyi “Azəraqrartikinti” ASC-nin səhmlərini “yığmağa” başlayıb. Bizimyol.info xəbər verir ki, son bir ayda “Bakı Fond Birjası” QSC-də (BFB) “Azəraqrartikinti” ASC-nin səhmlərinin alqı-satqısı üzrə 78 əqd bağlanılıb. Avqustun 15-də 4 əqd, avqustun 16-da 13, avqustun 17-də 5, avqustun 23-də 37, sentyabrın 5-də 11, sentyabrın 6-da 2, sentyabrın 8-də – yəni bayramqabağı 4, bayramdan dərhal sonra da, sentyabrın 14-də yenə 2 əqd bağlanıb. Əqdlər hər birinin nominal dəyəri 20 manat olan 9 620 səhmin (192 400 manatlıq) realizəsini nəzərdə tutur. Əqdlərin az qala hamısında 130 səhmin alınıb-satılması şirkətin minoritar səhmdarlarının kütləvi şəkildə payından imtina etməsindən xəbər verir. Məlumatlı mənbənin dediyinə görə səhmləri A.Vəliyev özü “yığır”. Deputat son bir ayda aldığı səhmlərə nominal dəyəri ilə 187 200 manat xərcləyib.
BFB-nin baza məlumatlarına istinadən keçən il və bu ilin əvvəlində apardığımız araşdırmalarda da ASC-nin səhmlərinin bir ucdan yığıldığını müəyyən etmişdik. Səhmlər uzun zamandır paket sahibinin xeyrinə toplanır. Nominal qiyməti 20 manat olsa da real satış qiyməti “qara bazar”-da bundan bahadır. Çünki, birja qiymətləri çox vaxt “qara bazar” qiymətlərini əks etdirmir. Bizdə birja razılaşdırılmış əqdləri rəsmiləşdirir. BFB real satıcı və alıcı ortaya çıxanda onları bir-biri ilə əlaqələndirib, işini bitmiş sayır. Deməli, son iki ildə səhmlərə xərclənən vəsait bundan iki dəfə çoxdur. Prosesin bir xeyli vaxtdır davam etdiyini nəzərə alsaq, deputat heç olmasa yarım milyonluq səhmi özününküləşdirə bilib. A.Vəliyevin səhmləri öz adına alması vacib deyil, əlavə diqqət cəlb etməmək üçün bunu yaxınlarının adından da edə bilər. Kotirovkalarda alanın kimliyi göstərilməsə də, adətən belə kütləvi “yığım” müəssisənin paket sahibi tərəfindən aparılır. Fond bazarı üzrə mütəxəssislər də hesab edirlər ki, səhmlər kütləvi şəkildə, həm də davamlı alınıb-satılırsa, çox güman ki, müəssisənin əsas səhmdarı minoritar səhmdarların hesabına payını artırır. Yəni, bu, şirkətə yeni səhmdarların daxil olması anlamına gəlmir. Adamları kütləvi şəkildə gətirib alqı-satqı aparırlar.
Qeyd edək ki, “Azəraqrartikinti”nin səhmlərinin bölgüsü qapalı aparılıb və 15% səhm kollektivə özəlləşdirmə payları qarşılığında verilib. Səhmlərin ümumi sayı isə 561 470-dir. Onların əsasında ASC-nin 11 229 400 manatlıq nizamnamə kapitalı formalaşıb. Bir müddət əvvəl ASC-nin səhmdar sayı da xeyli idi – şişirdilmiş rəqəm deyilsə 4 319 səhmdar. Hər işçinin nominal dəyəri 20 manat olmaqla 130 ədəd səhmi olub. 2600 manat qiyməti olan səhmlər üçün işçilərə 300 manat verildiyi iddia edilir. Yəni, işçilər səhmlərini təhvil verməyə məcbur edilir.
Xatırladaq ki, “Azəraqrartikinti” 1961-ci ildən fəaliyyət göstərən “Başkolxozlararasıtikinti” İdarəsinin bazasında 1998-ci ildə yaradılıb. Özəlləşdirildiyi zaman tabeliyində bir çox rayon filialı da var idi. Bəziləri özəlləşmə həyata keçirildikdən sonra yaradıldı və tam gücüylə fəaliyyətə başladı. “Azəraqrartikinti” ASC-nin 40 filial və törəmə şirkəti var. Maliyyə hesabatını açıqlamayan şirkət bir sıra dövlət sifarişlərində icraçı olub. Binəqədi rayonunda yanan binanın təmiri də müsabiqə keçirilmədən birbaşa “Azəraqrartikinti” ASC-yə həvalə olunmuşdu. Iki ay əvvəl şirkətin iflas həddində olduğu yazılsa da, səhmlərin satın alınmasından heç də elə görünmür. Tikinti şirkətinin mənfəətə çıxdığı barədə hər hansı hesabat yoxdur. Kiçik səhmdarlar dividend almırlarsa, böyük səhmdarın da dividend alması imkansızdır. Deputat maaşı da heç beş ilə bunun beşdə birini belə eləmir. Deməli, səhmləri alacaq halal pul olmamalıdır.
Əslində “Azəraqrartikinti” ASC-nin idarə heyətinin sədri Ağalar Vəliyevə səhmlərin neçə faizinin məxsus olduğu barədə informasiya verilmir. Səhmdar Cəmiyyət illik hesabatını Kütləvi İnformasiya Vasitələrində açıqlamır, hesabatlarının şəffaflığını təmin etmir, ictimaiyyətdən gizlədir. Mülki Məcəllənin 99.2. maddəsinə görə, açıq səhmdar cəmiyyəti illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Amma göründüyü kimi, deputat MM-in tələblərini pozur. Dövlətdən milyonlar alan şirkətin web-saytını da tapa bilmədik.
Xatırladaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin II hissəsinə görə, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər Milli Məclisə deputat seçilə bilməzlər. A.Vəliyev də son nəticədə müəssisədən fayda götürür.