Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri davam edir. Səfərin ikinci günü Azərbaycan prezidenti Almaniya İqtisadiyyat və Energetika Nazirliyində keçirilən Azərbaycan-Almaniya biznes forumuna qatılıb və orada çıxış edib.
Musavat.com-un məlumatına görə, Almaniyanın iqtisadiyyat naziri Ziqmar Qabriellə birgə forumu açan prezident İlham Əliyev çıxışına "Dağlıq Qarabağ konflikti həllini tapmalıdır” sözləri ilə başlayıb.
"Almaniya və Azərbaycan yaxşı tərəfdaşdırlar. Biz bir çox sahələr üzrə əməkdaşlıq edirik. Bizim ölkənin iqtisadiyyatı və sonrakı inkişafı üçün bölgədə sabitlik və təhlükəsizlik istənilən başqa ölkə kimi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Ermənistanla 1994-cü ildə atəşkəs əldə olunandan sonra 20 ildən çox dinc şəraitdə yaşayır. Ancaq bu sülh olduqca kövrəkdir. Bu yaxınlarda təmas xəttində baş verən hadisələr də göstərdi ki, Dağlıq Qarabağ konflikti dondurulmayıb onu həll eləmək lazımdır” – prezident qeyd edib.
Aprel döyüşlərindən danışan prezident Əliyev deyib: "Aprelin əvvəllərində Ermənistan Azərbaycan qarşı təxribata əl atdı və biz həm öz vətəndaşlarımızı, həm də hərbi mövqelərimizi qorumaq cavab tədbirləri görməli olduq. Aprel hadisələri göstərdi ki, Ermənistan daha situasiyaya nəzarət eləmək və status-kvonu saxlamaq qabiliyyətində deyil”.
Ölkə rəhbəri həmçinin, münaqişə zonasında zərurətin diktəsi ilə status-kvonun artıq real olaraq dəyişdiyinə diqqət yönəldib: "ATƏT-in Minsk Qrupu həmsədrləri birgə bəyanat verdilər ki, status-kvo artıq məqbul deyil. Almaniya da ATƏT sədri kimi bəyan elədi və dəqiq mövqe bildirdi ki, status-kvo dəyişməlidir. Status-kvonun dəyişməsi isə Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərin işğaldan təmizlənməsidir”.
Bu xüsusda Azərbaycanın dövlət başçısı beynəlxalq birliyin problemə yetərli diqqət ayırmadığını söyləyib. "Beynəlxalq təşkilatlar bu hadisələrə qiymət verib, biz onlara minnətdarıq. BMT TŞ Ermənistanı öz qoşunlarını çıxarmaq üçün 4 qətnamə qəbul edib. Ancaq Ermənistan bunu etməyib. Əfsus ki, Ermənistanı məcbur eləməyə yönəlik təzyiq instrumentləri hazırlanmayıb, ona sanksiyalar tətbiq edilməyib. Biz burada ikili standartları görürük. Axı, bir çox hallarda BMT-nin qətnamələri cəmi bir neçə gün ərzində icra edilir. Bizim nümunədə isə onlar 20 ildir kağız üzərində qalıb. Bu münaqişə BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yoluna qoyulan kimi biz Güney Qafqaz regionunda sabitlik və iqtisadi inkişafı görəcəyik” – Azərbaycan prezidenti çıxışının sonunda bildirib.