Bu gün:
Xezer.info » Bu gün » RUSİYANIN NÖVBƏTİ PREZİDENTİ KİM OLACAQ? – “Putinin yerinə” sorğu-kampaniyası başlayıb

RUSİYANIN NÖVBƏTİ PREZİDENTİ KİM OLACAQ? – “Putinin yerinə” sorğu-kampaniyası başlayıb


RUSİYANIN NÖVBƏTİ PREZİDENTİ KİM OLACAQ? – “Putinin yerinə” sorğu-kampaniyası başlayıb
Rusiyada prezident seçkilərinə il yarım vaxt qalır, lakin 2018-ci ildən sonra Vladimir Putinin dövləti idarə etməyəcəyinin mümkünlüyü barəsində müzakirələr artıq başlayıb. “AzPolitika”nın məlumatına görə, ölkədən qovulmuş oliqarx Mixail Xodorkovski, ötən həftə Putinə rus xalqının dəstəkləyəcəyi alternativin tapılması çağırışı ilə yeni təşəbbüs irəli sürüb.

Yeni yaradılmış “Putinin yerinə” («вместо Путина») adlı saytında başladılmış onlayn sorğuda Rusiya vətəndaşları 12 tanınmış rusiyalı siyasətçidən birini prezident kimi seçə bilərlər. Namizədləri Rusiya siyasəti üzrə ekspertlər və analitiklər müəyyənləşdiriblər, amma əgər internet istifadəçiləri istərlərsə, onda digər namizədlərin adlarını da irəli sürərlər. İsrailin “Haaretz” nəşrinin məlumatına görə, Xodorkovski söz verib ki, bu səsvermədə qalib gələn namizədin seçki kampaniyasını dəstəkləyəcək.

Saytda yayımlanan videoçarxda deyilir ki, əsas məqsəd – əksəriyyətin düşündüyü kimi, Rusiyada Putini əvəz edə biləcək heç bir şəxsin olmaması barəsindəki fikirlərin yanlışlığını ortaya qoymaqdır. Hal-hazırda saytda müxalifətin lideri hesab olunan vəkil və korrupsiyaya qarşı mübarizə aparan xarizmatik Aleksey Navalnı liderlik edir. 2013-cü ildən anti-Putin yürüşlərinə rəhbərlik etdikdən sonra Navalnı fırıldaqçılıqda ittiham edilərək, beş illik şərti həbslə cəzalandırılıb. Rusiyanın hüdudlarından kənarda bu məhkəmə prosesi siyasi məsələ hesab edilir.


A.Navalnı, baş prokuror Yuri Çaykanın ailəsi ilə bağlı keçənilki araşdırmalar da daxil olmaqla, anti-korrupsiya təhqiqatlarının nəticələrini dərc etməkdə davam edir. Amma bütün bunlara baxmayaraq, Navalnı seçkilərdə Putin ilə yarışacaq səviyyədə deyil. Bundan başqa məhkəmə 2033-cü ilədək onun seçkilərdə namizədliyini irəli sürməsini yasaqlayıb. Ötən ay Navalnı onun işinə yenidən baxılması üçün Ali Məhkəməyə müracət edərək bildirib ki, əks halda o seçkilərdə iştirak edə bilməyəcək.

Saytdakı səsvermədə Navalnının arxasınca 2000-2011-ci illərdə Rusiya maliyyə naziri vəzifəsini tutmuş Aleksey Kudrin gəlir. Rusiya şərhçiləri Kudrini daha mötədil alternativ sayırlar. Çünki bu keçmiş yüksək vəzifəli məmur, Putinin ətrafına əl verə biləcək şəxsdir. Hakimiyyətin dəyişməsi halında özlərinə qarşı təhqiqat işlərinin başlamasından ehtiyatlanan Kreml elitası, Kudrini məqbul hesab edir. Rusiyanın iqtisadiyyatının ağır vəziyyətində Kudrinin təcrübəsi üstünlük kimi qəbul olunur.


A.Kudrin heç zaman Rusiyanın aparıcı hakim partiyası “Vahid Rusiya”-ya daxil olmayıb və Navalnının işi də daxil olmaqla, siyasi təqibləri tənqid edib. Digər yandan Kudrinlə Putin Sankt-Peterburq meriyasında işlədikləri zamandan tanışdırlar. Onda Kudrin şəhərin meri Anatoli Sobçakın müavini idi. Bu ilin aprelində Putin deyib ki, Kudrin indinin özündə də onun məsləhətçisidir. Putin Kudrin haqqında söyləyib: “O çox yaxşı mütəxəssisdir, əla ekspertdir. Əgər o hər hansı problemin həllinə öz töhfəsini verirsə, niyə də olmasın?”

Siyahının başında həmçinin Yekaterinburqun meri Yevgeni Rayzmanın və narkotiklərə qarşı mübarizə təşəbbüsü ilə məşhurlaşmış liberal “Yabloko” partiyasının üzvü Lev Şlosberqin adları da var. L.Şlosberq başından ciddi zədə alaraq hospitala yerləşdirilmiş, amma özünə gəlib, siyasi fəaliyyətinə geri dönmüşdü. Hərçənd ki, Şlosberq səsvermədə liderlər sırasındadır, ancaq saytda onun ünvanına neqativ anti-semit şərhlər yazaraq, iddia edirlər ki, yəhudu Rusiyanı idarə edə bilməz. Digər namizədlər arasında Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin qızı Tatyana Yumaşovanın da adı var.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Xodorkovskinin ortalığa gətirdiyi məsələ Kremli maraqlandırmır.


Belə görünür ki, saytda Putinə qarşı alternativ kimi adları çəkilən bir sıra namizədlər bundan xoşlanmayıblar. Ona görə ki, bir tərəfdən onlar istəməzlər adları Putinin rəqibi kimi hallansın, digər tərəfdən isə adlarının Mixail Xodorkovski ilə assosiasiya edilməsini də arzulamırlar. Məsələn, Navalnı bu layihəni şərh etməkdən imtina edib, siyasətçilərdən biri isə “RBK” telekanalından xahiş edib ki, şərhlər zamanı onun adı hallanmasın. Adı çəkilənlərdən biri isə jurnalistlərə təklif edib ki, elə görüntü versinlər ki, guya ki, onunla telefon əlaqəsi qura bilməyiblər.

Başqa tərəfdən isə Rusiya KİV-ləri keçən həftədən Vladimir Putinin hakimiyyətdən imtina edəcəyi və 2018-ci ildəki seçkilərdə namizədliyini verməyəcəyi ehtimalını müzakirə edirlər. “Bloomberg”-in baş redaktoru Con Mikletveytin 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirakla əlaqədar ünvanlanmış sualına Putin belə cavab verib ki, hələlik bununla bağlı heç bir qərar verilməyib. Onu gənc bir siyasətçi əvəz etməlidirmi sualına isə Putin belə cavab verib: ”Bəli, əlbəttə. Demək istəyirəm ki, nəzərə alınmalıdır ki, gələcək lider kifayət qədər gənc, amma yetişmiş insan olmalıdır. Mən nəyə diqqət etmək istərdim. İstənilən halda biz artıq ölkənin gələcəyinin necə olacağını görməliyik. Mən “biz” deyəndə, həm özümü və həmçinin də mənim komandamın üzvlərini: hökuməti, prezident administrasiyasını nəzərdə tuturam”.

Müsahibə 6 sentyabr tarixində Rusiya televiziyası ilə göstərilib, tam mətn isə Kremlin saytına yerləşdirilib. Bu isə öz növbəsində Putin və onun ətrafının yeni, lakin adı hələlik məlum olmayan xələf hazırlamaları barəsində çoxsaylı şayiələr yaradır.