Prezidentdən əhaliyə şad xəbər
15-sen-2016Bakıda 2 min nəfərə bina tikiləcək
Dövlət başçısının tapşırığına əsasən, ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə həyata keçirilən ilk layihənin icrası istiqamətində işlər davam etdirilir. İlkin olaraq Yasamal rayonu ərazisində salınacaq şəhərcikdə 2 minə yaxın mənzil tikiləcək.
Paytaxtın Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşən bu ərazi vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən güzəştli mənzillərin inşası üçün seçilib. Vətəndaşların əlverişli şərtlərlə əldə edəcəyi mənzillərin yerləşəcəyi ərazinin sahəsi 11,6 hektardır.
Artıq çoxmənzilli binaların inşa olunacağı ilk yaşayış kompleksinin "Şəhərsalma əsaslandırılması”nın hazırlanması başa çatdırılıb. Tikintinin layihə-smeta sənədləri üzərində iş gedir. Bununla yanaşı, ötən qısa müddət ərzində ərazidə geoloji və mühəndis axtarış işlərinin aparılmasına başlanılıb. Eyni zamanda, çoxmənzilli binaların tikintisinə hazırlıq işləri çərçivəsində mühəndis-kommunikasiya təminatı üçün texniki şərtlər də alınıb.
İlkin hesablamalara görə, salınacaq şəhərcikdə 2 minə yaxın mənzil tikiləcək. Bu ərazinin seçilməsində rahat yaşayış üçün bir neçə mühüm məqam nəzərə alınıb. Şəhərin ekoloji cəhətdən təmiz, sağlam və əlverişli hissəsində yerləşən ərazinin yaxınlığında 5 hektara yaxın yaşıllıq zonasının olması isə onun ekoloji durumunu daha da yaxşılaşdırır. Bu ərazi həm də paytaxtın əsas iş yeri mərkəzlərinə yaxındır. İnsanların çox vaxt itirmədən iş yerlərinə çatması məqsədilə yeni şəhərciyin nəqliyyat sisteminin paytaxtın mövcud nəqliyyat şəbəkəsi ilə inteqrasiyası təmin ediləcək.
Şəhərcikdə çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün hər cür şəraitin yaradılması, normalara uyğun olaraq həyətlərin, yaşıllıq zolaqlarının, uşaq meydançalarının, vətəndaşların zəruri ehtiyaclarının ödənilməsini təmin etmək üçün məktəb, uşaq bağçası, məişət və xidmət obyektləri, həmçinin digər müvafiq sosial infrastrukturun yaradılması nəzərdə tutulur.