Yasamal və Nizami Rayon İcra Hakimiyyəti başçıları FHN-in rəyinə məhəl qoymurlar
15-sen-2016Bu il sentyabrın 5-də Kavkaznews.az saytında “Nizami Rayon İcra Hakimiyyəti “susmaq payını” aldı?” başlıqlı yazı dərc olunmuşdu. Bu məqalədə Qafqaz Xəbər Agentliyinə Nizami rayonu, Mehdi Abbasov küçəsi ,8 ünvanında yerləşən yataqxananın sakinləri olan məcburi köçkünlərin müraciətindən bəhs edilirdi. Bu ünvanda yaşayan Bəhruz Şükürovun bizə bildirdiyinə görə, onların sakini olduqları binanın qəza vəziyyətində olduğu elan edilib.
“Onu sökməyə qərar verdilər. Bu barədə bizə 83 saylı MİS-in rəisi Fərman Heydərov xəbər verdi. MİS-in rəisinin dediyinə görə, söküntü işlərinin aparılması “İnşaat və Konstruksiyalar”şirkətinə tapşırılıb”, -deyə Bəhruz Şükürov Kavkaznews.az-a bildirdi.
Biz həmçinin 83 saylı MİS-in rəisi Fərman Heydərovla da əlaqə saxladıq. Heydərovun sözlərinə görə, Mehdi Abbasov küçəsi 8 ünvanında yerləşən binanın söküntü işləri Nazirlər Kabinetinin istismar müddəti bitmiş binaların sökülməsi barədə qərarına uyğun olaraq aparılır. Bununla əlaqədər olaraq Nizami rayonunun icra başçısı artıq lazımi göstərişlər verib”,-deyə MİS-in rəisi bildirdi.
O həmçinin qeyd etdi ki, Mehdi Abbasov küçəsi 8 ünvanında yerləşən binaya Fövqəladə Hallar Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələrinin də üzvü olduqları ekspert komissiyası tərəfindən baxılıb.
“Onlar yataqxananın ekspertizasını keçirdilər. Ekspert komissiyasının rəyinə əsasən, Mehdi Abbasov küçəsi 8 ünvanında yerləşən bina qəza vəziyyətindədir”,- deyə Fərman Heydərov Kavkaznews.az-a bildirdi. Lakin Nizami rayonu üzrə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inspektoru Zakir Qasımov Fərman Heydərovun dediklərin təkzib etdi.
“Deyəsən, bu yaxınlarda bizə, Mehdi Abbasov küçəsi 8 ünvanında yerləşən yataqxanın qəza vəziyyətində olub olmadığını müəyyən etmək haqqında sorğu daxil olub”,-deyə Nizami rayonu üzrə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inspektoru Zakir Qasımov bildirdi.
“Siz bu yataqxananın qəza vəziyyətində olub -olmadığını müəyyən etdinizmi?”,- jurnalistimiz soruşdu. “Xeyr. Bu inspektorların səlahiyyətlərinə daxil olmur. Ekspertizanı FHN-ın layihə institutu keçirməlidir”,-FHN-ın inspektoru bildirdi.
“Bəs layihə institutu ekspertizanı keçirdimi?”,-jurnalistimiz soruşdu. “Xeyr. Ekspertiza hələ də keçirilməyib”,-deyə Zakir Qasımov bildirdi.Biz Nizami rayonunun baş memar Azər Məmmədovdan xahiş etdik ki, o FHN-ın inspekorunun bəyanatın şərh etsin.
“FHN-in nümayəndələrinin də daxil olduğu komissiya, akt tərtib edib, aktda deyilir ki,Mehdi Abbasov küçəsində yerləşən yataqxana qəza vəziyyətindədir”,-sentyabrın 14-də Nizami rayonunun baş memarı Azər Məmmədov Kavkaznews.az-a bildirdi.
“Lakin, Nizami rayonu üzrə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inspektoru Zakir Qasımov bizə bildirdi ki, FHN bu yataqxanada ekspertiza keçirməyib”,-jurnalistimiz qeyd etdi.
“Mən onun sözlərini şərh edə bilmərəm. Bizdə FHN tərəfindən verilən, və bu binanın qəzalı olduğunu təsdiq edən aktlar var”,- Azər Məmmədov dedi. “Fövqəladə Hallar Nazirliyi bu aktı sizə necə ekspertiza keçirilmədən verə bilər?”,-jurnalistimiz soruşdu. “İcra hakimiyyətinə gəlin, mən bu aktı sizə göstərərəm”, – baş memar dedi və dəstəyi asdı.
Bu arada xatırladaq ki, bu il avqustun 2-də Kavkaznews.az saytında” FHN-in müfəttişi: “Yasamal RİH-in sökdüyü bina qəza vəziyyətində deyil”” başlıqlı məqalə dərc olunub. Məqalədə bildirilirdi ki, Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında yerləşən “alimlərin yataqxanası” kimi tanınan bina sökülməyə başlanıb. Bu binanın və eləcə də Mehdi Abbasov 8 küçəsində yerləşən yataqxananın söküntü işləri “İnşaat və Konstruksiyalar” MMC tərəfindən, Yasamal RİH başçısı İbrahim Mehdiyevin göstərişi ilə aparılır.
Yasamal RİH-in baş memarı Eyvaz Bağırovun Kavkaznews.az saytına bildirdiyinə görə Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin Layihələndirmə İnstitutu Şərifzadə 33 ünvanındakı binanın ekspertizasını həyata keçirib və binanın qəza vəziyyətində olduğunu bildirib. Lakin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inspektoru Zakir Qasımovun bildirdiyinə görə onun Şərifzadə №33- də yerləşən binanın qəza vəziyyətində olub-olmadığı barədə məlumatı yoxdu.
“Əgər Fövqəladə Hallar Nazirliyinin nümayəndələri bildirirlər ki, onlar Şərifzadə küçəsi 33 və Mehdi Abbasov küçəsi 8- də yerləşən binaların qəza vəziyyətində olduğu barədə rəy verməyiblər,bu o deməkdir ki, Yasamal və Nizami rayon icra hakimiyyəti orqanları bu tikililərin sökülməsi barədə qərar qəbul edərkən, qanunun tələblərini pozub”, – deyə “Şəffaflıq – Azərbaycan” ictimai təşkilatının rəhbəri, hüquq müdafiəçisi Rəna Səfərəliyeva Kavkaznews.az-a bildirdi.
Səfərəliyevanın fikrincə, Bakıda bir çox istismar müddəti bitmiş bina var.
“Bunlar əsasən “xruşovka” adlanan binalardırlar. Amma İcra Hakimiyyətinin Fövqəladə Hallar Nazirliyinin rəyi olmadan bu evləri sökməyə ixtiyarı yoxdur”, – hüquq müdafiəçisi hesab edir.
“Bakıda “qəzalı” binaların sökülməsi xüsusi mülkiyyətə qarşı bürokratik qurumlar tərəfindən əsl kampaniyaya çevrilib” – Helsinki Vətəndaş Assambleyasının Milli komitəsinin rəhbəri, hüquq müdafiəçisi Arzu Abdullayeva bildirib. Hüquq müdafiəçisinin qeyd etdiyi kimi, şəxsi mülkiyyət hüququ insan hüquqlarının tərkib hissəsidir.
“Fikrimcə, Yasamal və Nizami rayonlarının icra hakimiyyətinin nümayəndələri binada ekspertiza aparmırlar. Ona görə ki, onlar cəzalanmayacaqlarından əmindirlər. Onlar qanunlara məhəl qoymurlar və bununla belə özlərini tam təhlükəsizlikdə hiss edirlər”, – deyə Arzu Abdullayeva Kavkaznews.az-a bildirdi.