Mingəçevir Mərkəzi Xəstəxanasının rəhbəri Yusif Quliyev niyə bu qədər sərbəstdir?
15-sen-2016Ötən saylarımızda Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında hökm sürən ab-hava, həkimlərin xəstələrə pullu tibbi xidmət göstərməsi, o cümlədən baş həkim Yusif Quliyevin qanunlarla uzlaşmayan əməlləri barədə danışmışdıq. Xatırladaq ki, xəstəxanada yaranan xoşagəlməz şəraiti hələ bir neçə ay öncə araşdırmış, sabiq baş həkim Muxtar Paşayevin vəzifəsində yol verdiyi qanun pozuntularını gün işığına çıxarmışdıq. Məhz bizim məsələni ictimailəşdirməyimiz baş həkimin vəzifəsini itirməsi ilə nəticələndi. Belə ki, nazir Oqtay Şirəliyev qəzetdə dərc olunan məqalələrin böyük səs-küyə səbəb olduğunu nəzərə alaraq təcili araşdırmalar apardı və özü də gördü ki, həqiqətən də, sözügedən səhiyyə ocağında həkimlər vətəndaşlardan rüşvət istəməyə çəkinmirlər. Baş həkimin dəyişməsindən sonra şəhər sakinləri səhiyyə sisteminin nizam halına düşəcəyini fikirləşsələr də, xəstəxananın yeni rəhbəri gördüyü qanunsuz işlərlə bunun əksini göstərməkdədir. Qısaca olaraq xatırladaq ki, xəstəxananın əsaslı təmir və yenidənqurma işləri, onu çoxprofilli tibb müəssisəsinə çevrilməsi məqsədilə büdcədən 3 milyon manat ayrılıb. Hər bir şəraitlə təmin edilən səhiyyə müəssisəsində daxili nizam-intizam və vətəndaşlara qarşı münasibət isə istənilən səviyyədə deyil. Bəlkə də, baş həkim qanunsuz əməllərinə son qoysa, şəhərin səhiyyə sistemini düşdüyü ağır vəziyyətdən çıxarmaq mümkün olar. Mövcud vəziyyətdə isə bu çox çətin məsələdir. Ona görə ki, baş həkim hər gün iş üslubunda daha yeni "qaydalara" müraciət edir, bu yolla vətəndaşları yuxarılardan incik salmaq istəyir. Bizə çatan məlumatlarda bildirilir ki, xəstəxanada heç bir vətəndaş baş həkim dəyişəndən sonra pulsuz müayinə olunmayıb. Əksinə köhnə baş həkimin işlədiyi vaxtlarda mövcud olan qiymətlərə korrektə edilib və bahalaşmanın özülü qoyulub. Qəribədir ki, baş həkim haqqında yazılan məqalələrə çox sərt şəkildə reaksiya verərək, bunların həqiqəti əks etdirmədiyini deyir. Xəstəxana rəhbəri özünə yaxın olan bəzi mətbu orqanlara açıqlama verib ki, haqqında yazılanların hamısı şayiədir. Baş həkimi başa düşmək olar. Hələ bu vaxta qədər heç bir vəzifəli şəxs günahkar olduğunu boynuna almayıb. Bu səbəbdən ondan artıq nəysə gözləmək yersizdir. Dünən saytlarda yayılan xəbər isə baş həkim barədə yazdıqlarımızın bir növ təsdiqi oldu. Azərbaycanda doğuş zamanı daha bir ölüm faktı baş verdi. Mingəçevir şəhər Polis İdarəsindən verilən məlumata görə, A.Şaiq küçəsi ev 11, mənzil 4 ünvanında qeydiyyatda olan Tağıyeva Günel Şahlar qızının doğuş zamanı vəziyyəti pisləşib. Əməliyyat yolu ilə övladını dünyaya gətirən qadın şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. G.Tağıyevanın dünyaya gətirdiyi uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Bu fakt bir daha təsdiqləyir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında işlər qaydasında getmir. Həkimlərin peşəkarlıq səviyyəsi çox aşağıdır. Tibb sahəsində ibtidai biliklərə malik olmayan insanlar xəstəxanada həkim işləyir. Hesab edirik ki, Səhiyyə Nazirliyinin müvafiq şəxsləri Mingəçevir Mərkəzi Xəstəxanasında baş verənlərlə bağlı təcili olaraq araşdırmalara başlamalı, baş həkimin qanundankənar davranışları yoxlanmalıdır. Ümid edirik ki, nazirlik rəsmiləri yazdıqlarımıza biganəlik göstərməyib lazımi addımları atacaqlar.gundelik bakı.com