Bakıya gələn suyun qarşısını “div”, yoxsa Mikayılov kəsib? – Replika
21-avq-2024Ölkənin paytaxtı beş gündür susuzdur. Hər dəfəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gah bəyan edir ki, Oğuz-Qəbələ yolunda təmir-bərpa işləri aparıldığından qəzalar baş verir. Gah da deyir ki, bəs, hamı birdən kranı açır deyə, problerm yaranır.
Vəziyyət o qədər gülməlidir ki, “hamı kranı birdən açır” açıqlaması lətifəyə çevrilib. Bəs, nə baş verib ki, ölkənin paytaxtı 5 gündür susuz qalıb? Axı, om hansı problemdir ki, adının uzunluğu bir metrdən çox olan qurum 5 gündür həll edə bilmir?
Bir zamanlar “Azərsu” ASC vardı. Sonra dını dəyişib, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qoyub ki, axtaranda tapa bilməyək. İndi bunlar olub atlı, camaat da piyada. Gizlənpaç oynamağa başlamışıq.
Hər nə qədər iddia etsələr də ki, Bakının əsas rayonlarına su təhcizatında yaranmış problem təmir-bərpa ilə bağlıdır, bunu real olması sual altındadır. Bu, ümumiyyətlə əsas da ola bilməz. Çünki ölkənin birinci şəhərini 5 gün susuz qoymaq üçün elə qlobal problem baş verməlidir ki, bundan nəinki Azərbaycan əhalisi, hətta bütün dünya xəbər tutmalıdır.
Bakının su təhcizatı faktiki olaraq üç istiqamətdə təmin olunur. Birinci istiqamət Ceyranbata su anbarıdır ki, o öz yerindədir. Anbarda suyun az olmasını iddia belə etmək mümkün deyil. Düzdür, bu anbar Bakının su təhcizatını qarşılamaq gücündə deyil. Amma belə problemlər yarananda şəhərin ən azı 50-60 faiz yükünü üzərinə götürmək gücündədir.
İkinci xətt qədim Şollar suyudur ki, Xaçmazdan Bakıya bir zamanlar saxsı turbalarla axan həmin mənbənin paytaxtı su ilə təhciz etmək gücü yoxdur. O, ən yaxşı halda İçərişəhəri su ilə təmin edə bilər.
Üçüncü ana xətt isə Oğuz-Qəbələ su anbarıdır ki, bunun üçün hökumət 300 milyon manata yaxın pul xərcləyib. Bir müddət Bakının suya olan təhcizatını da lazımi səviyyədə həyata keçirib. Lakin son zamanlar bu xəttdə “axsamalar” baş verir ki, onun da səbəbi aydın deyil. Daha doğrusu, bu hansısa problemlərdən qaynaqlanan deyil, elə adını dəyişmiş “Azərsu” rəhbərliyinin səriştəsizliyinin nəticəsidir.
Bir gün dedilər ki, Oğuz –Qəblə yolunda təmir zamanı qəza baş verib. Tamam anlaşıldı. Ardından dedilər ki, yenə qəza baş verib. Bu artıq anlaşılan deyil. Bu o deməkdir ki, Oğuz-Qəblə su anbarının qarşısını hansısa div kəsib. Və suyun Bakıya verilməsinə imkan vermir. İndi nağıldakı kimi, gündə bir qurban tələb edib, etmədiyi naməlumdur. Amma fakt odur ki, “div” suyun qarşısını keyfi isədiyi kimi kəsib və heç kimlə də hesablaşmır.
Əgər belədirsə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti açıq şəkildə desin ki, “div” suyun qarşısını kəsib və biz də Məlikməmməd haqqında fikirləşək. Yəni, bir Məlikməmməd tapıb, göndərək divin üstünə ki, yolu açsın, camaatı suszluqdan xilas eləsin.
Hə, həmin “div”in Zaur Mikayılov olması halı mövcuddursa, bu başqa məsələ. Onu nə Məlikməmməd, nə də İvanuşka ram edə bilməz. O, həm də heç nəyin ağına-bozuna baxan biri deyil. Mikayılov o adamdır ki, Göyçayda bir qrup Şəhid valideyinini saatlarla yağış altında saxlatdırıb. Heç “uf” da deməyib.
İndi əsas məsələ budur ki, Bakı daha neçə gün susuz qalacaq? Həşəmətli Zaur Mikayılov cənabları daha nə qədər camaatın gözünü kranlarda qoyacaq? Hə, tezliklə həll olunmasa, gərkdir ki, gedib Məlikməmməd tapaq. Yoxsa, nə “div” bizə su verəcək, nə də Bakı əhli su üzü görəcək.
Tiribunainfo.az