Bağdasaryan: İrəvan bu haqda düşünməlidir
21-avq-2024“Putinin bəyanatları Ermənistan-Azərbaycan danışıqlar prosesində o qədər də ciddi dəyişikliyə səbəb olmayacaq. Çünki Azərbaycan özünü Cənubi Qafqazda lider hesab edir və vasitəçilərə ehtiyac hiss etmir. Ermənistan hakimiyyəti isə Rusiyanı vasitəçi kimi görmür”. Tribunainfo.az xəbər verir ki, bunu politoloq Armen Bağdasaryan deyib.
O bildirib ki, Rusiya təkcə neytral deyil, həm də münaqişənin tərəfidir. “Rusiyanın bir böyük problemi var: Cənubi Qafqazda qalmaq və mövcudluğunu saxlamaq. Mövcudluğu təmin etməyin ən qısa yolu isə regionda nəqliyyat-kommunikasiyaları açmaq və onları Moskvanın nəzarətinə verməkdir”.
Bağdasaryanın sözlərinə görə, Azərbaycanaın indiki mərhələdə başlıca hədəfi Ermənistandan maksimumu qoparmaqdır. “Azərbaycan bunu müharibə yolu ilə etməyi mümkün hesab etsə, müharibəyə gedəcək. Əgər bunu sülh sazişi ilə etməyi mümkün hesab etsə, o şəkildə edəcək”.
Erməni politoloq etiraf edir ki, Azərbaycan olduqca səmimi davranır və heç nəyi gizlətmir. “Azərbaycan çox səmimidir. Yəni, Türkiyə ilə birlikdə onlar qərar verəcəklər ki, savaş çıxarıb Rusiyanı yeni müharibəyə cəlb etsinlər, yoxsa sabitliyi qoruyub saxlasınlar ki, Rusiya faktiki olaraq Gürcüstanda olduğu kimi Ermənistanda da öz varlığını qoruyub saxlasın”.
Armen Bagdasaryan deyir ki, Ermənistan elə bir vəziyyətdədir ki, nəyisə əldə etmək haqqında deyil, nəyisə itirməmək haqqında düşünməlidir. “Qərbin problemi Ermənistan-Azərbaycan münaqişəsinin həllində deyil. Onun problemi Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq və Orta Asiyanı Qara dəniz və Türkiyə vasitəsilə Türkiyə və Avropa ilə birləşdirəcək Orta Dəhliz açmaqdır”.
Onun sözlərinə görə, artıq sözügedən dəhliz faktiki olaraq mövcuddur. “Azərbaycan və Gürcüstan ərazisindən keçir. Qərb bu dəhlizin qollarından birini, Orta Dəhlizi Ermənistandan keçirməyi qarşısına məqsəd qoyub ki, Ermənistan heç vaxt Rusiya vasitəsilə ona qarışmasın və bu, yalnız Rusiyanın regiondan sıxışdırıldığı, yəni Ermənistanın sıxışdırıldığı halda mümkündür”.