İranın Ermənistana silah satışı: Pezeşkian iqtidarı prosesi dayandıra bilərmi? – TƏHLİL
25-iyul-2024Ötən gün “İran İnternational” kanalı İranın Ermənistanla gizli silah müqaviləsi imzaladığı barədə xəbər yayıb. Telekanal həmin məlumatı İranın yüksək çinli məmurlarından əldə etdiyini bildirib.
Tribunainfo.az xəbər verir ki, həmin məlumata əsasən İran Ermənistana 500 milyon dollarlıq silah satacaq. Həmin silahların içində “Şahid 136”, “Şahid 129”, “Şahid 197” və “Mohajer” kimi PUA-lar olacaq. Bundan başqa, İran Ermənistana həmçinin “Som Xordad”, “Məcid”, 15 ədəd “Khordad” və “Arman” raketdən müdafiə sistemləri də verməyi razılaşdırıb.
Öncəliklə qeyd edək ki, “İran İnternational” İsrail və ABŞ-ın maliyyəsi ilə fəaliyyət göstərir. Əsasən xaricdə mühacir həyatı yaşayan siyasi fəalların təbliğatını aparır. Son iki ildə isə birmənalı olaraq İranın keçmiş şahı Məhəmmədrza Pəhləvinin varisi Rza Pəhləvinin əsas tribunasına çevrilib. Analitik Fərzin Nadimi deyib ki, Azərbaycan Tehran və İrəvan arasındakı razılaşmaya çox qəzəblənəcək. “Eyni zamanda, Azərbaycan İsrail silahlarının əsas müştərisi olduğu üçün İran Azərbaycana öz narazılığını bu yolla göstərmək istəyir. Düşünürəm ki, bu kimi razılaşmalar vasitəsilə İran Azərbaycana göstərəcək ki, bu ölkənin İsraillə münasibətləri İranı getdikcə daha çox Ermənistana doğru itələyəcək”.
Ekspert Fikrət Fəraməzoğlu isə Tribunainfo.az-a açıqlamasında bildirib ki, İranın Ermənistana silah ötürməsi ilk hal deyil. “İran zaman içində Ermənistana təkcə silah verməyib, həm də Qarabağda hərbi istehkamların qurulmasında ciddi dəstək göstərib. Bu gün ortaya çıxan məlumat isə onu göstərir ki, İran indiyə qədər minaatan, tankəleyhinə qumbaratanlardan daha iri və strateji silahlara keçmək qərarına gəlib”.
Ekspert deyir ki, İranın Ermənistana satdığı silahların içincə Azərbaycan üçün problem yaradacaq əsas silahlar PUA-lardır. “Düzdür, “Şahed” və “Mohacer” tipli PUA-lar Ukraynada bir o qədər effektiv nəticələr verməyib. Lakin təhlükə yarada biləcək silah növünə daxildir. Üstəlik, İran həmin PUA-ları çoxlu sayda istehsal edəcək gücdədir. Çünki çox ucuz başa gəlir”.
Fərzaməzoğlu hesab edir ki, İran-Ermənistan silah anlaşması Tehran və ya İran tərəfindən təsdiqlənərsə, bu, İran və Azərbaycan arasında onsuz da yhenicə düzəlməyə başlayan münasibətləri yenidən korlaya bilər. “Əlbəttə ki, Azərbaycan İranın bu hərəkətinə xoş baxmayacaq. Böyük ehtimalla İrandan bunun izahını da istəyəcək. Və məlumat təsdiqlənərsə, iki ölkə arasındakı münasibətlərdə yenidən soyuma başlayacaq”.
İranın yeni hökumətinin bu prosesin qarşısını almaq gücünün olub olmadığı barədə sualına cavab olaraq ekspert deyib ki, Pezeşkiyan prosesə müdaxilə etmək gücündə deyil. “Silah ticarəti birmənalı olaraq SEPAH-ın nəzarətindədir. Onlar isə prezidentə deyil, birbaşa İranın dini liderinə tabedirlər. Bu səbəbdən də Pezeşkiyan prosesə etiraz edə bilər, lakin dayandıra bilməz”.