Ekspertlər bildirirlər ki, son həftədəki hadisələr vahid oyun, məqsəd isə valyuta alverindən gəlir götürmək idi...
Son bir ayda dəyərini itirməkdə davam edən manatın məzənnəsi son 2 gündə sabitləşib. Səbəb kimi isə Mərkəzi Bankın bazara milyonlarla dollar vəsait çıxarması göstərilir. Bildirilir ki, durumun daha da pisləşəcəyindən, tam nəzarətdən çıxacağından çəkinən Mərkəzi Bank bazara yarım milyarda yaxın xarici valyuta çıxarmağa razılaşıb.
İki gün əvvəl isə yarım milyardın xeyli hissəsi - 300 milyon dolları bazara çıxarılıb. Hərraca çıxarılan vəsaitin yüz milyon dollarının Mərkəzi Bank, 200 milyon dollarının isə Dövlət Neft Fondu tərəfindən “qurban edildiyi” bildirilir. Verilən məlumata görə, bununla hökumət ajiotajı səngirmək və təxminən iki ay müddətində valyuta bazarında sabitlik yaratmaq istəyir.
Qeyd edək ki, sentyabrın 8-dən “qara bazar”da dollar enməyə başlayıb. “Report.az” isə bildirir ki, ölkədə fəaliyyət göstərən bəzi kommersiya bankları nağd ABŞ dollarının alışını dayandırıb. Banklar dollar bolluğu yaşandığı üçün indi də valyutanın alış əməliyyatlarına fasilə verib. Dolların satışı isə 1,6900-1,7060 AZN/USD məzənnə diapazonunda aparılır.
“Qara bazar”da isə dolların satışı 1,63 manata kimi qədər geriləyib. Dolların məzənnəsinin bayram günlərində 1,60 AZN/USD səviyyəsinə qədər geriləyəcəyi gözlənilir.
Ekspert Əkrəm Həsənov isə məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, bir neçə bankın dollar almaması və ya aşağı məzənnə ilə alması hələ o demək deyil ki, dollara tələbat düşüb: “Əksinə, bütün bunlar vahid oyunun təzahürüdür. Əvvəlcə Mərkəzi Bank və Neft Fondu dollar satmadı. Bir neçə həftə ərzində ”qara bazar" kef etdi: yüksək məzənnə ilə dollar satdı. Əhalinin, əsasən isə sahibkarların manat ehtiyatlarını əlindən aldı. İnsanların çox son manatını belə dollara dəyişdi ki, gözlənilən devalvasiyadan qazansın. Amma yekunda dollar satışı davam etdi və “qara bazar” azı 9-10 faiz gəlir əldə etdi. İndi də elə təəssürat yaratmaq istəyirlər ki, guya dollara tələbat azalıb. Məqsəd odur ki, dolları da indi çox aşağı məzənnə ilə geri alsınlar və gəlirləri daha da artsın. Əgər dollara tələbat azalıbsa, niyə banklar dolları 1,69-1,7 məzənnəsindən aşağı satmır? Deməli, məqsəd dolları baha satıb, ucuz almaqdır. Son həftədəki hadisələr vahid oyun idi. Məqsəd də valyuta alverindən gəlir götürmək, əhalinin və sahibkarların pulunu mənimsəmək idi. Amma təbii devalvasiya təhlükəsi sovuşmayıb. Əvvəllər də qeyd edirdim ki, iki variantdan biri olacaq, kəskin devalvasiya, ya da dollar satışının davamı və ehtiyatların azalması və devalvasiyanın təxirə salınması. İkinci variant oldu. Üstəlik, manat kütləsinin bir hissəsini də yığdılar ki, indi alan az olsun. Əlində manat qalanı da qorxudurlar ki, dollar düşəcək. Amma təbii uzunmüddətli perspektivdə devalvasiya onsuz da qaçılmazdır. Səbəb də sadədir: dollar gəlirlərimiz azalan xətlə gedir, buna görə də dolların bahalaşması labüddür. Süni yolla müvəqqəti dayandırmaq olar, amma çox yox. Baş verənlərin ən böyük mənfi nəticəsi isə onsuz da sarsılmış etimadın tam aradan getməsidir. Uduzan ilk növbədə sahibkarlar oldu. Dollar daha çox onlara lazım idi ki, xaricdən mal ala bilsinlər. Məhz onlara da dolları baha satıb aldatdılar. Onsuz da Azərbaycan da sahibkarlıq üçün şərait azdır və biznesini bağlamaq istəyənlərin sayı daim artır. Bundan sonra daha da artacaq".
Ekspert Elşad Məmmədov isə musavat.com-a deyib ki, valyuta bazarında baş verən hadisələr bir daha ölkədə bu bazarın formalaşdırılmasında inzibati amillərin ön planda olmasını nümayiş etdirir: “Belə ki, valyuta bazarına Dövlət Neft Fondu tərəfindən 200 milyon dollar, Mərkəzi Bank tərəfindən isə 100 milyon dollar həcmində həyata keçirilən intervensiyalar bir günün içində valyuta bazarında son həftələr müşahidə edilən trendin tam əksini təşkil edən proseslərə səbəb oldu. Yəni Neft Fondu və Mərkəzi Bankın bazara son aylar müşahidə edilənə nisbətən 6 dəfə böyük dollar təklifinin çıxarması valyuta bazarına təsir edib, manata təzyiqin azalmasına səbəb olub. Xatırlamaq yerinə düşər ki, baş vermiş hər 2 devalvasiyadan sonra da dollara tələbat bir müddət səngiyib, sonra isə bazara iri həcmdə dollar təklifi çıxarılıb və bir müddət manata təzyiqin azalması mövcud olub. Bu dəfə də Neft Fondu və Mərkəzi Bank tərəfindən həyata keçirilən manevr nəticəsində milli valyutaya təzyiq azalıb. Nəticədə manatın kursu bir qədər möhkəmlənib”.
Ekspertin sözlərinə görə, əslində nadir istisnalar olmaqla, hər bir iqtisadi vəziyyətdə dövlətin makroiqtisadi duruma, o cümlədən maliyyə bazarlarında mövcud olan vəziyyətə təsir mexanizmləri olur: “Bu baxımdan, hökumətin maliyyə blokunun belə manevr imkanlarının olmasında təəccüblü bir şey yoxdur. Lakin makroiqtisadi proseslər dinamika baxımından, o cümlədən iqtisadi subyektlərin həmin proseslərə təsir müddətinə görə qısa, orta və uzunmüddətli proseslərə təsnif edilir. Fikrimcə, Neft Fondu və Mərkəzi Bankın son manevrləri bu baxımdan qısamüddətli effekt verə bilər. Belə ki, Mərkəzi Bankın ehtiyatlarının keçən il kəskin azalması səbəbindən bu qurumun davamlı şəkildə bazara valyuta intervensiyaları edəcəyi real görünmür. Neft Fondunun isə intervensiyaları son dövrdə 1 ayda 400-500 milyon dollar təşkil edir.
Tədiyyə balansının təhlili isə valyuta bazarının dayanıqlı şəkildə balanslaşdırılması üçün bu həcmin 2-3 dəfə artırılmasının tələb olunmasını göstərir. Bunun baş verəcəyi real görünmür, çünki heç Neft Fondunun büdcə qarşısında öhdəlikləri bu həcmdə intervensiyaları nəzərdə tutmur.
Qeyd etmək lazımdır ki, mövcud vəziyyətdə qısamüddətli effekti belə faydalı hesab etmək olar və bu baxımdan hökumətin bu istiqamətdə atdığı addımlar sözsüz ki, konstruktiv məzmunlu hesab olunmalıdır. Bununla belə, baş verən fundamental makroiqtisadi proseslər, o cümlədən xarici ticarətin, kapital axınının və ümumilikdə, tədiyyə balansının strukturunun dinamikası makroiqtisadi risklərin orta və uzunmüddətli perspektivdə dayanıqlı şəkildə artmasının ehtimalının yüksək olduğunu göstərir.
Buna görə də hesab edirəm ki, manatın məzənnəsinin möhkəmlənməsi qısamüddətli məzmun daşıyır və ilin sonuna kimi milli valyutanın zəifləməsi gözlənilir. Analoji iqtisadi durumlarda bu prosesin sərt monetar siyasətlə, pul kütləsinin azaldılması ilə aradan qaldırılmasına dünya təcrübəsində rast gəlinməyib. Burada bir məqama mütləq nəzər salınmalıdır ki, milli valyutanın zəifləməsi heç də həmişə ölkənin iqtisadi vəziyyəti baxımından mənfi qəbul edilmir. Çünki ölkə iqtisadiyyatının ixrac potensialı bir sıra strateji sahələrin inkişafı üçün milli valyutanın zəifləməsi ciddi şəkildə fayda verə bilər.
Lakin bunun üçün çevik iqtisadi siyasət həyata keçirilməli, makroiqtisadi siyasətin ”qan-damar" sistemini təşkil edən maliyyə resurslarının real sektorun tələb olunan sahələrinə effektiv şəkildə investisiyalar formasında yönəldilməsi ilə həmin sahələrin inkişafına nail olunmalıdır. Fikrimcə, hökumətin iqtisadi bloku maliyyə siyasətini makroiqtisadiyyatdan ayrı deyil, makroiqtisadi siyasətin tərkib elementi kimi qəbul edərək, yuxarıda qeyd etdiyim təsnifata görə, qısa, orta və uzun müddətli tədbirlər proqramı işləyib tətbiq etməlidir ki, iqtisadi problemlərin mənfi fəsadlarının azaldılmasına nail olmaq mümkün olsun".
musavat.com