Qiymətləndiricilər Cəmiyyətində nə baş verib? – Qurum açıqlama yaydı
24-iyul-2024Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti qurumun növbədənkənar hesabat-seçki konfrans keçirilməsi və yeni rəhbərlik seçilməsi barədə məlumatlara aydınlıq gətirib.
Tribunainfo.az Qiymətləndiricilər Cəmiyyətinin yaydığı məlumatı təqdim edir:
“Son günlərdə kütləvi informasiya vasitələrində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin növbədənkənar hesabat-seçki konfrans keçirdiyi və yeni rəhbərlik seçildiyi barədə məlumatlar verilib. Bununla bağlı AQC rəhbərliyi yaxın günlərdə Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi ilə görüş keçirəcək. AQC rəhbərliyi dəqiqləşdirilməmiş və əsassız məlumatların yayılmasından təəssüfləndiyini bildirməklə yanaşı bəyan edir ki, AQC Nizamnaməsinə uyğun olaraq son hesabat – seçki konfransı 20 may 2022-ci ildə keçirilib və nəticələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim olunub. 23.06.2022-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 05/4249/2-14 saylı qərarla nəticələri təsdiqləyib.
Həmin sənəddə – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının Dövlət Reyestrindən Çıxarışda AQC sədrinin səlahiyyət müddəti 20.05.2025-ci ilə qədər göstərilib. AQC Nizamnaməsinə və Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatları haqqında Qanuna uyğun olaraq Nəzarət Təftiş Komissiyasının rəyi əsasında növbədənkənar konfrans haqqında hər hansı qərar qəbul olunmalı və bu konfransda hesabat dinlənilməlidir. AQC daxilindəki bir qrup azlıq təşkil edən şəxs konfransa hazırlıq üzrə Təşkilat Komitəsi yaradaraq, əksəriyyəti prosesdən məlumatsız qoymuş, AQC sədrinə və digər rəhbər şəxslərə, habelə əsas qurum olan və ötən konfransda AQC sədri, İdarə Heyəti ilə birlikdə seçilən Nəzarət Təftiş Komissiyasına hər hansı məlumat verilməmişdir. Saxta e-mail ünvanı yaratmaqla, AQC üzvlərində çaşqınlıq yaratmış, tədbirin keçirilməsi üçün AQC adından deyil, başqa qurum adı ilə yer kirayələmişlər. Beləliklə “konfrans”a hazırlıq və “konfrans” ciddi qanun pozuntuları ilə müşayiət olunmuşdur.
Təəssüf hissi ilə qeyd edirik ki, cənab prezident İlham Əliyevin apardığı çoxvektorlu, institusional islahatlara, türk dövlətlərinin birliyini əsas prioritet sayan siyasətə az da olsa verdiyimiz tövhəni, qiymətləndirmə sektoru üçün görülən işləri, beynəlxalq səviyyədə fəaliyyətimizin güclənməsini görməzdən gələn bir neçə üzvümüz görülən işlər fonunda AQC daxilində qruplaşma yaradaraq sədrin və müavinin razılığı olmadan, Nəzarət Təftiş Komissiyasının rəyi olmadan (AQC Nizamnaməsinin 6.13 bəndi), heç bir nöqsan və əsas bildirilmədən öz aralarında toplaşmış, özbaşına qərar verərək Birlik üzvlərində çaşqınlıq yaratmış və nəticə olaraq qeyri-qanuni yolla 19 iyul 2024-cü il tarixdə növbədənkənar “konfrans” adı altında tədbirin keçirilməsinə nail olmuşlar. Sözügedən qrup Birliyin nizamnaməsinin tələbini pozaraq Konfrans üçün tələb olunan 50%+1 iştirakçı çoxluğuna nail olmamışdır. Belə ki, AQC Nizamnaməsinin 6.5 bəndinə əsasən konfrans baş tutmamışdır. İcra orqanının tərkibinin dəyişdirilməsi üçün üzvlərin 2/3 hissəsinin səsi tələb olunduğu halda 150 nəfər üzvü olan birliyin cəmi 28 nəfəri ilə səsvermə keçirmiş, 20 səs ilə sədr, 11 səs ilə müavinləri təyin edərək legitimliyi pozmuşdur (AQC Nizamnaməsinin 6.6 bəndi).Tədbirin keçirilməsi üçün AQC sədrinin razılığı olmadığı səbəbindən tanınmış iş mərkəzləri və otellər toplantı üçün yer verməmiş, başqa təşkilat adına şəhər kənarında “konfrans” adına tədbir keçirilmişdir. Sosial şəbəkə və şəxsi mətbu əlaqələr hesabına ictimaiyyətdə yanlış təsəvvür yaradılmış, guya AQC sədri vaxtından əvvəl əvəz olunmuş, yeni rəhbərlik təşkil edilmişdir deyə məlumatlar yayılmışdır.
AQC sədri, AQC sədrinin müavinləri, Nəzarət Təştiş Komissiyasının sədri, AQC sədrinin müşavirləri, departament rəhbərləri, AQC İcra Aparatı, AQC Direktorlar Şurasının 65 üzvündən 40 nəfəri qanunsuz prosesdə iştirak etməkdən imtina etmişlər. Elə bu səbəbdən “konfrans”da sözügedən qurumlar Nizamnaməyə zidd olaraq ləğv edilmişdir. Konfrans kimi cəmiyyətə sırınan tədbirdə iştirakçıların hamısına vəzifə verilmiş, bu cür şirnikləndirilmişdir.
AQC rəhbərliyi ölkə mediasına müraciət edərək AR Ədliyyə Nazirliyi tərəfindən qurumun rəhbəri kimi tanınan və 3 illik müddət ərzində səlahiyyətə malik olan Vüqar Orucun bu bəyanatla bərabər təqdim ediləcək hüquqi sənədlərinə hörmətlə yanaşılmasına, başqa bir şəxsin hüquq və Nizamnamə pozuntuları ilə müşaiyyət olunan prosesdə özünü sədr adlandırmasına baxmayaraq mediada qanuna və rəsmi sənədlərə əməl edilməsinə çağırır. Eyni zamanda AQC rəhbərliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi saxta konfransın nəticələrinə münasibət bildirənə kimi bu istiqamətdə müzakirələri dayandırdığını bəyan edir.
QEYD: Azərbaycan Respublikası Ədliyyə Nazirliyini 05/4249/2-14 saylı qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının Dövlət Reyestrindən Çıxarış, AQC-nin konfransın keçirilməsi üçün yer verilməsinə izahat tələbi ilə bağlı “Azpetrol LTD” MMC-nin cavab məktubu və bir qrup AQC üzvünün yetərsaysız tədbirindən foto görüntü əlavə olunur”.