Salyanın keçmiş deputatı və məşhur yazarı Günay Ağamalıdan danışdı: Kim istərdi ki, biabır olsun…
22-iyul-2024Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının qızı Günay Ağamalının 65 saylı Salyan-Biləsuvar-
Neftçala seçki dairəsindən namizədliyini irəli sürməsi müzakirələrə və reaksiyalara səbəb olub. Tribunainfo.az-ın siyasət şöbəsi yazır ki, bəzi ictimai fəallar və rayonun tanınan adamları xanım Ağamalının namizədliyini qəbul etmirlər. Lakin qanunvericilik onun namizədliyini məhdudlaşdırmır və hüququ var, son sözü seçici deyəcək. Bununla belə bəziləri indidən hesab edirlər ki, Fəzail Ağamalı qızının deputat olması üçün siyasi rəhbərlikdən siyasi zəmanət alıb. Amma indidən narazılıqlar eşidilir. Misal üçün Salyandan olan yazıçı-filoloq, hacı Cəfər Cəfərli Günay Ağamalının seçkilərdən öncə səsləndirdiyi “Salyan camaatının mənə olan etimadını yüksək qiymətləndirirəm. Bu etimada layiq olmağa çalışacam” fikirlərinə etiraz edib.
Bu mövzuda pravda.az onun sosial media paylaşımına istinadla yazıb. Cəfər Cəfərli Günay Ağamalının fikirlərinə cavab olaraq qeyd edib ki, hələ heç imza toplamağa başlamayıb, deyir bütün seçicilərin etimadını yüzə-yüz doğruldacam: Əziz dostlar, layiq olmadığı yerdə oturan adam həmişə narahat olar. Hər an yerini itirəcəyini zənn edərək təlaş keçirəcək. Buna həm də yüz dəfə ölüb, bir dəfə dirilmək də deyirlər. Atalarımız daha sərrast deyib: ağlaşmasını bilməyən ölüsünü murdar edər. Hələ heç imza toplamağa başlamayıb, deyir bütün seçicilərin etimadını yüzə-yüz doğruldacacam”.
Salyanın sabiq deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov isə demokrat.az-a açıqlamasında bildirib ki, deputatı xalq seçir:
“Biz özümüz-özümüzü seçmirik. Fəzail Ağamalı və ya Əliağa Hüseynov öz balasını deputat etmək istə belə, yenə sonda xalq bilər kimi seçəcək. Deputatı özü və ya atası seçmir, deputatı xalq seçir. Əgər namizəd olduğu rayonun onun atasına rəğbəti, hörməti, izzəti varsa, bu səfər övladı namizədliyini irəli sürüb seçiləcək. Xalqa müraciət olunur və xalq seçir. Nə mən öz oğlumu seçdirirəm, nə də başqası öz qızını. Yəqin ki, xalqdan kimsə müraciət edib ki, sən gedirsən, bəlkə qızın və ya oğlun namizədliyini irəli sürsün. Bu, depatatların işgüzarlığı və xalqa, dövlətə xidmətindən irəli gələn bir məsələdir.
Mən Salyanlıyam və 5 il Salyanın deputatı olmuşam. Kim nə deyir bilmirəm. Fəzail Ağamalı gələndə həmişə mənim evimdə qalıb. O həmişə xalqın işində iştirak edib, yardımçı olub. İstəməyən insanlar ağzına gələni danışırlar. Amma bunu etmək düzgün deyil. Deputatlığa qədər də, deputatlıqdan sonra da o, şəxsən mənim evimə gəlib -gedib. Yəqin ki, rayonda insanlardan təşəbbüs olub, o da razılaşıb. Kim istəyər ki, uşağı getsin boş-boşuna namizədliyini verib biabır olsun. Demək ki, xalq istəyir ki, namizədliyini irəli sürüb”.
Hazırladı: Roman, Tribunainfo.az