Deputat: “Yanacağın qiyməti cüzi miqdarda artan kimi işbazlar interneti bahalaşdırdılar”
20-iyul-2024“Benzinin bahalaşması dünyada baş verən proseslərlə bilavasitə əlaqədardır. Müəyyən sahədə qiymətlərin artırılması Azərbaycandan da yan keçmir. Ölkəmiz bir çox konvensiyalara, müqavilələrə imza atıb. Dünya ölkələri ilə əməkdaşlıq edir. Belə bir məqamda qiymətlər, əlbəttə ki, dünya bazarı ilə tənzimlənməlidir. Ancaq bundan istifadə edən işbazlar var. Cüzi miqdarda yanacaq bahalaşan kimi işbazlar aidiyyatı olmayan sahələrdə qiymətləri bahalaşdırırlar. İnternet də belədir. İnternetin bahalaşması insanları narahat edir. Bunun benzinin qiymətinin artırılması ilə əlaqələndirilməsi heç də düzgün olmazdı”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
“Bu gün Azərbaycan əhalisinin əksər hissəsi internetdən səmərəli istifadə edir. İnternet istifadəçilərinin sayı gündən-günə artır. Onlara kömək olmaq, tələbatlarını daha yaxşı ödəmək əvəzinə qiymətləri artırmaq düzgün deyil. Hər bir sahədə qiymət tənzimlənməsinin qanunauyğun aparılması vacibdir. Sözsüz ki, bu da vətəndaşların ürəyincə olar”, – deputat bildirib.