Hərbi ekspert: “Fransadan alınan silahlar Ermənistana verilməyəcək, Ukraynaya ötürüləcək”
20-iyul-2024“Zəngəzur Dəhlizi təkcə Azərbaycan üçün deyil, Qərb üçün də vacibdir. Çünki dəhliz NATO-ya üzv ölkələrin və müttəfiq ölkələrin Suriya, İraq, Liviya, Türkiyədən silah, sursat və şəxsi heyətin fasiləsiz daşınmasını həyata keçirəcək”. Tribunainfo.az xəbər verir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib.
O bildirib ki, Prezident İlham Əliyev bütün gedişləri düzgün hesablayıb. “Prezident Əliyev yaxşı bilir ki, dəhliz Rusiya və İranın maraqlarına toxunur. Onu da başa düşür ki, İran və Rusiya ona qarşı müəyyən addımlar ata bilər. Amma addımlarını düzgün hesablayaraq, onları neytrallaşdıra bilər”.
Nahapetyan hesab edir ki, hal hazırda rəsmi Bakıya Azərbaycanın Naxçıvana bağlanması lazımdır. “Suriyadan başlayaraq, Qazaxıstana silah-sursat, minlərlə terrorçunun ötürülməsi və Rusiyaya qarşı cəbhə açması ona lazım deyil. Və dəhlizin olmasına razılıq verərsə, benefisiar özü deyil, ABŞ, Böyük Britaniya və Türkiyə olacaq”.
O yekunda Ermənistanın Fransadan silah almasına da toxunub. Hərbi ekspert deyib ki, o, Fransa silahlarının Ermənistana daxil olacağına ciddi şübhə edir. “Böyük ehtimalla həmin silahlar Ukraynaya ötürüləcək”.