Elman Nəsirov: “Bir qanun göstərin ki, orada “valideyn vaxtilə deputat olubsa, övladı deputat ola bilməz” yazılıb”
19-iyul-2024“Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin siyahısına münasibətdə fərqli mövqelər ola bilər. Bu da anlaşılandır. Nə qədər insan varsa, o qədər mövqe var. Bunun özü plüralizmdir, prülarizm isə demokratiyanın mühüm elementidir. Əvvəla, YAP ümumxalq partiyasıdır. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, dünənin, bu günün və gələcəyin partiyasıdır. Partiyanın sıralarında, təxminən, 800 minə yaxın insan cəmlənir. 800 minin içindən ən yaxşıları seçmək asan məsələ deyil. Partiya seçkilərə gedərkən ən layiqli namizədlərini müəyyən edir. Seçən isə xalqdır. Son sözü xalq deyir, kimi layiqli bilirsə, seçimini də onun üzərində saxlayır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputat Elman Nəsirov deyib.
“Bəzi insanların “atalar deputat olub, indi də övladları deputat olur” kimi yanaşmaları var. Gəlin onda əksini də fikirləşək. Övlad deputat olmaq istəyir və fərqindədir ki, seçən xalqdır. Belə olan halda o, deputatlıq istəyini həyata keçirə bilmir. Səbəb də budur ki, anası və ya atası vaxtilə deputat olub. Bu yanaşma doğrudurmu? Onun günahıdırmı ki, valideyni vaxtilə deputat olub? Valideyn vaxtilə deputat olub deyə övladın hüquqları tapdalanmalıdır? Övlad valideynlərinə görə öz istəyindən, arzusundan imtina etməlidir? Ümumiyyətlə, biz hüquqi dövlətik. Addımlarımız qanunla tənzimlənir. Bir qanun göstərin ki, orada “valideyn vaxtilə deputat olubsa, övladı deputat ola bilməz” yazılıb. Belə bir bənd göstərin, mən də həmin adamların fikrini dəstəkləyim. Axı yoxdur. Yanaşmanın özü yanlışdır. Birincisi, deputat təyinati vəzifə deyil. Deputat seçkiləri xalqın siyasi iradəsi ilə baş verən prosesdir, seçkili qurumdur. Seçici özü bilər ki, valideyni deputat olmuş şəxsi seçsin, ya yox. Bu, seçicinin istəyi ilə reallaşan məsələdir. Belə yanaşmaları dəstəkləmirəm. Layiqli olan, xalqın səsini toplamağı, xalqın səsi olmağı bacaran hər kəs seçkidə iştirak edib, qalib gələcəyi təqdirdə parlamentdə əyləşə bilər. Valideynlərinin birinin deputat olması ona maneə ola biləcək fakta çevrilməməlidir. Ən azından qanunumuz buna imkan vermir”, – E.Nəsirov bildirib.