“2015-ci ildə də valyuta ehtiyatlarımız çox idi, amma…”
Azərbaycanda yürüdülən iqtisadi siyasətin növbəti devalvasiya və iqtisadi böhranla nəticələnəcəyinə dair proqnozlar artmağa başlayıb.
Xezerinfo.az xəbər verir ki, bu mövzuyla bağlı paylaşım edən iqtisadçı Natiq Cəfərli pessimist proqnozlar verib: “Dünən ölkə iqtisadiyyatının vəziyyəti və yaxın 2-3 ildə baş vermə ehtimalı yüksək olan problemlərlə bağlı status yazmışdım.
Bəzi izləyicilər mənim yaxın 1,5-2 ildə devalvasiya ehtimalının yüksək olması ilə bağlı fikrimə əks-arqument olaraq yazıblar ki, axı ölkənin 69,7 mlrd. dollar valyuta ehtiyatı var, niyə bu addıma getsinlər ki?!
Əslində, maraqlı, haqlı sualdır, amma 2015-ci ili xatırlayın, hökumət 3 pilləli (1,05, 1,50, 1,70) devalvasiyaya gedib məzənnəni sabitləşdirdi. Amma 2014-cü ilin sonunda valyuta ehtiyatlarımız kifayət qədər yüksək idi –ölkədə 51,4 mlrd. dollar valyuta ehtiyatı var idi. Yaxşı, əgər devalvasiyanın qarşısını kəsən amil məhz valyuta ehtiyatlarıdırsa, 2015-də nədən bu addımı atdılar?! Neft Fondu bir kənara, 2014-ci ilin sonuna bir tək elə Mərkəzi Bankda 14 mlrd. dollar ehtiyat var idi. Bu gün MB-nin ehtiyatı 11,7 mlrd. dollardır. Yəni, 2015-ci devalvasiya ilinin əvvəlinə MB-də bu gün olan ehtiyatdan 2,3 mlrd. dollar çox vəsait var idi, amma devalvasiya qaçılmaz oldu.
2015-də devalvasiyanın əsas səbəbi neftin qiymətinin azalması oldu, indi isə hasilat kəskin azalır – 2014-cü ildə Azərbaycanda neft hasilatı 41,9 mln. ton təşkil edib, 2023-cü ildə isə Azərbaycanda 30 milyon 189,6 min ton neft hasil edilib – azalma az qala 12 mln. tondur. Amma 2024-ci ildə hasilatın azalması tempi kəskinləşib – bu ilin ilk 6 ayında 2023-cü ilin 6 ayına nisbətən hasilat 5% azalıb.
Azalma trendini gündəlik hasılat rəqəmləri daha aydın göstərir – 2024-cü ilin ikinci rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 470 min barel səviyyəsində olub. 2023-ci ilin birinci rübündə qeyd olunan göstərici 520 min barel, ikinci rübündə 500 min barel, ücüncü və dördüncü rübündə isə 490 min barel təşkil edib.
Yəni, 2 borudan asılı olan primitiv iqtisadi modeli olan məmləkətdə bohran dalğaları qaçılmazdır…”