Bu gün:
Xezer.info » Eksklüziv » Yaşıllıqları məhv etdiyi üçün cərimələnən “Qismət-M Hous” tikinti şirkəti məhkəməyə verildi

Yaşıllıqları məhv etdiyi üçün cərimələnən “Qismət-M Hous” tikinti şirkəti məhkəməyə verildi



Bu gün Nizami Rayon Məhkəməsində “Neftçilər” metrosu yaxınlığında yaşayış kompleksi inşa edən “Qismət-M Hous” tikinti şirkətinin işinə baxılacaq. İnzibati Xətalar Məcəlləsinin 253.1.2.1 maddəsilə cərimələnən tikinti şirkətini böyük məbləğdə cərimə gözləyir. Səbəb şirkətin heç bir qanuni icazə olmadan yaşıllıqları məhv etməsi, çoxillik ağacları kəsməsidir.

Tribunainfo.az xəbər verir ki, cərimələnən şirkətlə bağlı proses bununla yekunlaşmır. Şirkətin bu ay ərzində iki məhkəmə çəkişməsi də var. Ayrı-ayrı şəxslər tərəfindən məhkəməyə verilən “Qismət-M Hous”la bağlı qarşıdakı günlərdə iş başlayacaq.

Belə ki, 13 may tarixində mülkiyyət hüququ ilə bağlı tikinti şirkətinə qarşı vətəndaş Əliyev Emil Vaqif oğlunun irəli sürdüyü ittiham üzrə işə baxılacaq. İddiaçının “Qismət-M Hous”u məhkəməyə verməsinin digər səbəbləri açıqlanmır. Nizami Rayon Məhkəməsində baxılacaq işə hakim Qumru Əliyeva sədrlik edəcək.

“Qismət-M Hous”la bağlı məhkəmədə digər iddianı isə Nərimanova Sürəyya Soltan qızı qaldırıb. İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisədir. Bu işə də 30 may tarixində hakim Qumru Əliyevanın sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, sözügedən şirkətin Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılova məxsus olduğu iddia edilir.