DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz
08-may-2024Spirtli içki istifadə edərək avtomobil idarə edən sürücülərə hələ də rast gəlinir. Həm öz, həm də digərlərinin həyatlarını təhlükəyə atmalarına rəğmən bəzi sürücülər sərxoş halda sükan arxasına əyləşirlər.
Sərxoş halda avtomobil idarə etmək ən yaxşı halda qayda pozuntusu, ən pis halda isə ağır qəzalar və insan ölümləri ilə nəticələnir.
Spirtli içki istifadə edərək avtomobil idarə edən sürücüləri müəyyən etmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları mütəmadi olaraq reydlər keçirirlər. Bəzi sürücülər sərxoş halda avtomobil idarə etdikləri müəyyən olunduğu halda onları hansı cəzanın gözlədiyindən xəbərsizdir.
Baş DYP İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, edilən xəbərdarlıqlar və görülən tədbirlərə baxmayaraq bəzi sürücülər yol hərəkəti qaydalarına qarşı hələ də biganə yanaşırlar və bu da sonda xoşagəlməz hadisələrin baş verməsi ilə nəticələnir:
“Bəzi sürücülər spirtli içkinin təsiri altında avtomobil idarə edilər ki, bu da həm sürücü, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün birmənalı olaraq potensial təhlükədir. Dövlət Yol Polisi əməkdaşları tərəfindən sürücünün nəqliyyat vasitəsini idarə edərkən şübhə doğuran hal aşkar olunan zaman sürücü yoxlanılır. Həmin sürücü əgər nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə edirsə, onun barəsində ciddi intizam tədbiri görülür.
Əgər sürücünün nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə etməsi aşkarlanarsa, İnzibai Xətalar Məcəlləsinin 333.1 maddəsinə əsasən onu 400 AZN cərimə və 5 cərimə balı gözləyir, və ya 6 aydan 12 aya qədər sürücülük vəsiqəsi məhdudlaşdırılır”.
Qeyd edək ki, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi zamanı nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.