Gürcüstan hökuməti Zurabişvilinin Litvaya səfərinə yenə icazə vermədi
04-apr-2024Gürcüstan hökuməti Prezident Salome Zurabişvilinin Litvaya işgüzar səfərini rədd edib.
“Qafqazinfo” “NG”ya istinadən xəbər verir ki, bununla bağlı Baş nazir İrakli Kobaxidzenin müvafiq fərmanı hökumətin saytında dərc edilib.
“Gürcüstan Prezidentinin aprelin 10-dan 12-dək Litvanın Vilnüs şəhərinə işgüzar səfəri rədd edilsin”, - sənəddə deyilir.
Əlavə edək ki, Prezidentin “Gürcü Arzusu” partiyasının iqtidarda olduğu hökumətlə münasibətləri Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra minimal həddə çatıb.
Zurabişvili hökuməti Kiyevə yetərincə dəstək vermədiyinə, Moskva ilə yaxınlaşmasına və ölkənin Avropaya inteqrasiyası istiqamətində zəif səylərə görə tənqid edir. Hökumət isə Prezidentin xarici səfərlərini əngəlləməyə başlayıb və bunu Prezidentin verdiyi bəyanatlarla ölkəyə zərər vurması ilə bağlayır. Xatırladaq ki, Salome Zurabişvili artıq bir neçə dəfə şəxsi vəsaiti hesabına Avropaya ezamiyyətə gedib.
Qeyd edək ki, bir il əvvəl də Zurabişvili hökumətin icazəsi olmadan Litvaya və digər Baltikyanı ölkələrə səfər edib.