İmkanı olan heç bir gənc Azərbaycanda oxumaq istəmir-Deputat
04-apr-2024Hər il ali təhsil müəssisələrində istər bakalavr, istərsə də magistratura pillələri üzrrə təhsil haqlarının artırıldığını müşahidə edirik.
Millət vəkili Ceyhun Məmmədov AzEdu.az-a mövzu ilə bağlı münasibət bildirib.
“Universitetlər müəllimin maaşını verə bilmir, amma təhsil haqqını artırırlar”,-deyə Milli Məclisin deputatı bildirib:
“Təhsil haqlarının artırılması məsələsini universitetlər xərclərin ödənilməsi ilə əlaqələndirməyə çalışırlar. Onlar iddia edirlər ki, xərclərini ödəmək üçün daha çox vəsait lazımdır. Bunun üçün də təhsil haqqı hər il müəyyən qədər artırılır. Ancaq mən hesab edirəm ki, burada ən böyük problem təhsil haqlarının az olmasında deyil, universitetlərin əksəriyyətinin fəaliyyətindəki qeyri-şəffaflıqdır. Yəni bir tərəfdən ali məktəblər deyirlər ki, müəllimlərə maaş verə bilmirik, digər tərəfdən isə baxırıq ki, təhsil haqlarını artırırlar. Biz mətbuatı da təhlil etsək görərik ki, universitetlərin fəaliyyəti ilə bağlı dəfələrlə neqativ hallar yayılır.
Təəssüflə qeyd etmək lazımdır ki, hələ ki, hansısa keyfiyyətin artırılmasından söhbət gedə bilməz. Mən deyərdim ki, bəlkə də təhsilin keyfiyyəti daha da aşağı düşüb, nəinki artıb. Bu reallıqdır, öz- özümüzü aldatmalı deyilik. Keyfiyyətin artırılması ilə bağlı real heç bir addım atılmır. Ümumiyyətlə bizdə magistratura təhsili formal xarakterlidir. Bir çox hallarda da Azərbaycanda magistratura təhsili vaxt itirməkdən başqa bir şey deyil. Buna görə də imkanı olanların əksəriyyəti burada oxumaq istəmir. Oxuyanlar da formal oxuyurlar. Orada da hər hansısa tədqiqatdan söhbət gedə bilməz. Nə məzmun var, nə keyfiyyət… Tələbəyə şablon şəkildə mövzular verilir, dərslər də keyfiyyətsiz…Ona görə də təhsil haqqının artırlmasını keyfiyyətlə əlaqələndirməyin heç bir mənası yoxdur”.
C.Məmmədov qeyd edib ki, bir müddət sonra biz qərbin təhsilindən 100 il geridə qalacayıq:
“Bu gün ümumiyyətlə Azərbaycanda ali təhsilin, magistratura pilləsinin tədrisində çox ciddi problemlər var. Təkcə Türkiyədə 20.000-dən artıq Azərbaycanlı tələbə oxuyur. İmkanı olan heç bir gənc Azərbaycanda oxumaq istəmir. Biz bu prosesdə gecikirik. Təhsilin məzmununun, keyfiyyətinin artırılması üçün heç bir ciddi addım yoxdur. Bəziləri şou ilə məşğuldur. Özlərini göstərirlər ki, güya nə isə edirlər, bəziləri isə ümumiyyətlə başqa işlə məşğuldurlar. Ona görə də bu sahədə qlobal işlər aparılmalıdır. Əgər bizim təhsilimiz qərb təhsilindən 50 il uzaq idisə, bir müddət sonra biz qərbin təhsilindən 100 il geridə qalacayıq. Bu məsafə böyüyür və qarşısı alınmır. Tənqidimizin məqsədi odur ki, təhsilə həssas münasibət göstərib, ciddi dəyişikliklərə getməliyik.
Anlamıram, son vaxtlar heç bir elmi dərəcəsi olmayan insanlar universitetlərə prorektor təyin olunurlar. Bu adamın elmi dərəcəsi yoxdur, fəlsəfə doktorluğu almayıb. Ümumiyyətlə bilmir tədqiqat nədir, proses nədir? Ona görə bu cür addımlar təhsildəki böhranı dərinləşdirir. Bu gələcəkdə bizim üçün çox böyük problemlər gətirəcək. Təhsil sahəsi menecerlik sahəsi deyil. Təhsil spesifik sahədir. Siz iqtisadiyyatda, eləcə də hər hansısa sahədə menecer kimi işləyə bilərsiniz, amma təhsildə onun incəliklərini bilmək, təhsili sevmək, ona bağlı olmaq, təhsil üçün alışıb-yanmaq çox önəmlidir. Təhsilə formal şəkildə yanaşmaq olmaz. Ona hər hansısa bir şirkət, təşkilat kimi yanaşmaq olmaz. Düşünürəm ki, qarşıda çox mühüm vəzifələr var və bunun öhtəsindən hər kəs gəlməlidir”.