“Sumqayıt Hospital”da xəstələri rüşvətlə qəbul edirlər? – Şikayət
04-apr-2024Sumqayıt sakini İlkin İsmayılov müalicə üçün müraciət etdiyi “Sumqayıt Hospital”dakı özbaşınalıqdan şikayət edib. Şikayətçi bildirir ki, hospitalda həkim qəbuluna yazılan xəstələr qapıda gözlədilir, növbədəki xəstələr qala-qala qəbulda əlavə ödəniş edənlər içəri buraxılır.
Tribunainfo.az yazır ki, şikayətçi İlkin İsmayılovun sözlərinə görə, hospitaldakı problem bununla bitmir. Həkimin qəbulu bir otaqda yazılsa da, o xəstələri başqa otaqda qəbul edir:
“Qarın boşluğunda yaranan küt ağrılara görə “Sumqayıt Hospitala” getdim. Məni Hepatoloq-Qastreontoloqa yönləndirdilər. Həmin həkimdə sol tərəfli qasıq yırtığının ağırlaşması diaqnozu qoyub USM-dən keçmək üçün yönləndirdi. USM-ə növbə götürüb kağızı həkimə təqdim edib növbəmi gözlədim, 31-ci adam idim. Amma növbədə olduğum müddətdə rastlaşdığım mənzərə məni özümdən çıxardı. Deməli, gözləyirəm, məndən sonra gələn xəstələri tapşırıqla birini, ikincisini, üçüncüsü və nəhayət dördüncüsünü həkim qəbul etdi. Həkimə iradımı bildirdim, deyir, onlar aşağıda ödəniş ediblər və müayinəyə gəliblər. Deyirəm, xanım mən də sığorta hesabına gəlmişəm, mənim ödənişimi də Premium sığorta qarşılayır. Deyir, ad soyadı de, narahat olma, səni də qəbul edirəm. Başqa bir həkim xəstə ilə gəlir və xəstəni çöldə gözlətdirib özü içəri daxil olur. Sonra çıxıb deyir, səbrli ol, yeddinci adamdan sonra sənsən. İçəridə 21-ci adam daxil olub. Sonda sığorta mütəxəssisinə yaxınlaşıb şikayət edirəm. Onlar da zəng edib həkimdən məsələnin mahiyyətini öyrənirlər. Həkim deyir, yaşlı qadın idi ona görə növbədən kənar qəbul etdim.
Nə isə, dedilər, gəlsin beşinci adamdan sonra qəbul edəcəm. Təkrar gedirəm, görürəm yuxarıda qeyd etdiyim xəstəni gətirən həkim otaqdan çıxıb xəstəyə deyir ki, səbrli ol, dördüncü adam sənsən. Yenə də məndən sonra gələn beşinci xəstəni məndən əvvəl növbəyə salıb qəbul edirlər. Sonda əsəbləşib həkimdən kağızı alıb biabır edib Hospitaldan müayinələrimi yarımçıq saxlayıb çıxmışam.
Deməyim odur ki, hörmətli “Sumqayıt Hospital” və onun rəhbərliyi, mən də xəstəyəm və ora kefimdən gəlməmişəm. Mənə təqdim olunan kağızda 304-cü otaq qeyd edilib, amma həkim 308-ci otaqda oturub xəstə qəbul edir. Eyni zamanda növbədən kənar digər xəstələri qəbul edir. Bu isə belə anlama gəlir ki, həmin həkim yuxarıda qeyd etdiyim kimi həmin xəstələr ödəniş edib gəlirlər cümləsi bu anlama gəlir, yəni xəstələr əlavə ödəniş edib həkimə rüşvət verib növbədənkənar müayinədən keçirlər. Xahiş edirəm, nəzərə alasınız. Mən bir Sumqayıt sakini kimi “Sumqayıt Hospital”da uzman həkimlərimiz ola-ola nə üçün Bakıda yerləşən Yeni klinikaya getməliyəm?”.