Azərbaycan Dəmir Yolları nə vaxt düzələcək? – Pul yox, xətlər bərbad…
04-apr-20245-ci ildir ki dayandırılan Bakı-Balakən dəmir yolu marşrutu bu il də istifadəyə verilməyəcək. Azərbaycan Dəmir Yolları rəsmisinin verdiyi geniş müsahibədən aydın oldu ki, heç bu il də Bakı-Balakən dəmir yol xəttində hər hansısa işlərin aparılmasından ümumiyyətlə söhbət getmir. Halbuki əvvəlki açıqlamalarda daxili imkanlar hesabına məhz bu istiqamətdə işlərin sürətləndiyi və ən yaxın müddətdə istifadəyə veriləcəyi açıqlanırdı.
Tribunainfo.az yazır ki, bu barədə danışan mütəxəssis Osman Gündüzin sözlərinə görə,müsahibədən aydın olur ki, 5 ildir dayandırılan və yararsız vəziyyətə düşən bütün daxili xətlərin, Bakı-Balakən, Bakı-Astara, Bakı-Qazax, Bakı-Yalama və s. xətlərin bərpası mümkün olmayacaq:
“Bir neçə gün öncə hökumət uzun illərdən sonra ilk dəfə olaraq Prezident fərmanında nəzərdə tutulan ADY-nin büdcədən subsidiyalaşması məsələsini yenidən gündəmə gətirib. ADY-nin vuruşaraq hökumətdən az da olsa vəsait əldə edə bilməsi də diqqət çəkəndir. Amma burada söhbət yalnız şəhərətrafı sərnişindaşımadan gedir.
Əgər hökumət uzun illər daxili sərnişindaşımaya pul tapmayıbsa, Qarabağda aparılan bərpa işlərindən sonra bu sahəyə vəsaitlər ayıracağı da dumanlı görsənir.
ADY -nin daxili imkanları, 5 ildir ki dayandırılan və yararsız vəziyyətə düşən bütün daxili xətlərin, Bakı -Balakən, Bakı -Astara, Bakı -Qazax, Bakı -Yalama və s. xətlərin bərpasına imkan verəcəkmi?
Müsahibədən isə bütün bunların ağlabatan olmadığı görsənir.
Hələlik görünən odur ki, dəmir yolunda prioritet sərnişindaşıma deyil, yükdaşımadır. Belə görünür ki, yaxın perspektiv üçün üfüqdə Bakı – Balakən və eləcə də digər daxili marşrutların açılması gözlənilmir.
ADY də pul, vəsait tapmır”.
Osman Gündüzün bununla bağlı təklifi də var:
“Son zamanlar yetərincə aktiv olan ADY rəhbəri Rövşən müəllimə təklif edərdik ki, ayrı-ayrı dəmir yolu marşrutlarının xarici şirkətlərə icarəyə verilməsi məsələsini gündəmə gətirsin”.
Nigar