Bu gün:
Xezer.info » Eksklüziv » Bələdiyyə sədri prokurorluğa Zakir Fərəcovun adını verəcəkmi: KÜRƏKƏNİNİN DƏ ADI KEÇİR

Bələdiyyə sədri prokurorluğa Zakir Fərəcovun adını verəcəkmi: KÜRƏKƏNİNİN DƏ ADI KEÇİR


Bələdiyyə sədri prokurorluğa Zakir Fərəcovun adını verəcəkmi: KÜRƏKƏNİNİN DƏ ADI KEÇİR
Məlum olduğu kimi, ölkə mediasında Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev bu günlərdə Baş Prokurorluqda Akif Çovdarov məsələsi ilə bağlı ifadə verməsi haqda məlumatlar yayılıb. Yayılan informasiyada iddia olunur ki, bələdiyyə sədrinin Baş Prokurorluğa çağırılmasına səbəb A.Çovdarov tərəfindən torpaqlarına əl qoyulan sahibakarlardan birinin baş prokuror Zakir Qaralova ünvanladığı müraciət olub.

Savash.org isə xatırladır ki, sözügedən hektarlarla ərazinin qanunsuz olaraq MTN generalının səlahiyyətinə verildiyi bildirilən həmin illərdə Masazırın da daxil olduğu Abşeron rayonuna hazırda Sumqayıt şəhər icra hakimiyyətinin başçısı vəzifəsində çalışan Zakir Fərəcov rəhbərlik edib. Mövcud reallıqda isə bələdiyyə sədrinin o zaman qılıncının tiyəsi də “kəsən” Akif Çovdarovla iş görməsi inandırıcı görünmür. Ağlabatan versiya bu ola bilər ki, bələdiyyə sədri sözügedən prosesdə iştirakçıdır, Akif Çovdarovla sövdələşməyə isə məhz o zaman Abşeron rayonunun hakimi-mütləqi olan Zakir Fərəcov gedib.

Hər halda Zakir Fərəcovun xəbəri və razılığı olmadan hansısa bələdiyyə sədri hektarlarla torpağı əsl sahibindən alaraq kiməsə verə bilməzdi. Bu isə sözügedən qalmaqalda Zakir Fərəcovun əsas iştirakçı olması ehtimalını gücləndirir. Odur ki, Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyevin prokurorluqda verdiyi və ya verəcəyi izahatdan asılı olaraq Zakir Fərəcovun da adı məsələylə bağlı hallana bilər. O başqa məsələ ki, Zakir Fərəcov hazırda Sumqayıt kimi strateji bir şəhərə başçılıq edir və bu səbəbdən də bələdiyyə sədrinin əleyhinə hansı ifadəni səsləndirməsindən asılı olmayaraq onun istintaqa cəlb ediləcəyini düşünmək sadəlöhvlük olardı. Bununla belə, baş verənlər Zakir Fərəcovun “yuxarılar” qarşısındakı etimadına böyük zərbə vura bilər.

Məsələnin digər maraqlı tərəfi isə Zakir Fərəcovun kürəkəni Pərvin Əsədovla bağlıdır. Əldə etdiyimiz məlumata görə, Milli Təhlükəsizlik Nazirliyinin ləğvinə qədər MTN-nin Qaradağ şöbəsinə rəhbərlik etmiş Pərvin Əsədov Masazır qəsəbəsində yaşayış binalarının tikintisi ilə məşğuldur. Eyni zamanda ölkə mətbuatında onun MTN generalları Hilal Əsədov, Akif Çovdarov və digərləri ilə çox mehriban münasibətlərinin olması haqda çoxsaylı materiallar dərc olunub. Bu baxımdan yalnız bir faktı xatırlatmaq yerinə düşər ki, Hilal Əsədovun işsiz qalmış sürücüsünə də məhz Zakir Fərəcovun kürəkəninin yanında iş tapılmışdı. Hər halda bu kiçik fakt belə tərəflər arasındakı səmimi münasibətlərin təzahürü sayılmalıdır. Masazırdakı hektarlarla torpağın Akif Çovdarova hədiyyə olunmasında Pərvin Əsədovun rolunun olub-olmamasını araşdırmaq isə müvafiq qurumların səlahiyyətində olan məsələdir.