“Mərkəzi Bank demək istəyir ki, devalvasiyadan qorxmur” – Ekspert
27-mar-2024“Azərbaycanda normal bazar iqtisadiyyatı olsaydı Mərkəzi Bankın uçot dərəcəsinin endirilməsi indiki şəraitdə infliyasiya təhlükəsi yaradacaqdı”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov martın 28-də Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini 0,5% azaldacağı ilə bağlı proqnozunu şərh edərkən deyib.
Əkrəm Həsənovun sözlərinə görə, Azərbaycanda normal bazar iqtisadiyyatı yoxdur:
“İnhisarlaşma var, Mərkəzi Bankın kredit şərtləri sərtləşdirilib. Bir tərəfdən bu düzgün addımdır. Yəni, bəzi banklar əvvəlki kimi Mərkəzi Bankdan istədiyi qədər kredit götürə bilmir. Mərkəzi Bank sərt tələblər qoyur, girovlar tələb edir və s. Onsuz da bankların əksəriyyəti kredit götürə bilməyəcək. Onların kredit götürməyə imkanları yoxdur. Bu dəqiqə Mərkəzi Bank əvvəlki kimi kredit də vermir. Elman Rüstəmovun dövründə Mərkəzi Bankın öz müştəriləri var idi. Hansı ki, girov qoyub bankdan kredit götürürdülər. Onlar eyni girovu Mərkəzi Banka qoya bilirdilər. Yəni bir əmlak iki dəfə girovda olurdu. Həm Mərkəzi Bankdan götürülən kredit üzrə, həm də bankın müştəriyə verdiyi kredit üzrə. İndi Mərkəzi Bank buna yol vermir”.
Əkrəm Həsənov indi kredit götürməyin asan olmadığını qeyd edib:
“Bu baxımdan faizlərin endirilməsi bütövükdə yaxşı haldır. Çünki ölkədə iqtisadi aktivlik zəifləyib. Pul həcmi azalıb, əslində isə artması lazımdır. Mərkəzi Bank bununla demək istəyir ki, devalvasiyadan qorxmur. Bu da bazar iştirakçılarına müsbət siqnaldır”.
Qeyd edək ki, “Trading Economics” martın 28-də Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini 0,5% azaldacağını proqnozlaşdırıb. Beynəlxalq iqtisadi statistika portalı AMB-nin İdarə Heyətinin qərarının faiz dərəcəsinin 7,75%-dən 7,25%-ə endirilməsi istiqamətində olacağını açıqlayıb.