Bu gün:
Xezer.info » Manşet » Azərbaycan və Latviya prezidentləri arasında məktub mübadiləsi olub

Azərbaycan və Latviya prezidentləri arasında məktub mübadiləsi olub



Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri,

Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza sülh və firavanlıq arzulayıram.

Latviya-Azərbaycan dostluq münasibətləri 100 ildən artıq tarixə malikdir, Azərbaycanda çoxsaylı latviyalı yaşamışdır. Biznes sahəsində tərəfdaşlıq sayəsində ölkələrimiz arasında daha sıx əlaqələr qurulmuş, həmçinin gözəl Bakıdan ilhamlanaraq ədəbi, musiqi və incəsənət şedevrləri yaradılmışdır.

Qarşılıqlı maraq doğuran sahələrdə dialoqumuz və strateji tərəfdaşlığımız dərinləşir. Əminəm ki, birgə səylərimiz Latviya ilə Azərbaycan arasında dinamik mübadiləni daha da inkişaf etdirəcəkdir.

Fürsətdən istifadə edərək, Latviyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha ifadə edirəm. Müstəqillik və ərazi bütövlüyü beynəlxalq nizama əsaslanan qaydaların təməl daşlarıdır və ölkələr arasında dinc yanaşı yaşamanın, dialoqun qorunub saxlanılması çox vacibdir. Dinc, sabit və firavan Cənubi Qafqaz bizim ortaq marağımızdır.

İcazə verin, ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirmək əzmində olduğumu ifadə edim. Bu baxımdan mən Sizin 2024-cü ildə Latviyaya səfər etməyinizi səbirsizliklə gözləyirəm.
Ətraflı

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Prezident İlham Əliyev də Latviya rezidenti Edqars Rinkeviçsə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Əlamətdar tarix – Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və dost xalqınızı
səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Latviya arasında təşəkkül tapmış dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. Ötən dövr ərzində ikitərəfli əlaqələrimiz möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, bir çox sahələrdə əməkdaşlığımız dinamik inkişaf etmiş, xalqlarımız arasında tarixən mövcud olmuş təmaslar intensivləşmişdir.

Biz Latviyanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə daim verdiyi dəstəyinə görə minnətdarıq.

Bu gün ölkələrimiz arasında əməkdaşlığın inkişafı və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Latviya dostluq və tərəfdaşlıq münasibətlərinin həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində inkişafı və genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Latviya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.