Bu gün:
Xezer.info » Bu gün » Canına qıyan tələbənin oxuduğu universitetdən açıqlama: “Kəsiri olub, dərsə gəlməməyi önəmli deyil”

Canına qıyan tələbənin oxuduğu universitetdən açıqlama: “Kəsiri olub, dərsə gəlməməyi önəmli deyil”



Azərbaycan Turizm və Menecment Universitetinin Turizm işinin təşkili fakültəsinin üçüncü kurs tələbəsi Raqib Rafiq oğlu Qədimov özünü asıb.
Tələbə yoldaşlarının sözlərinə görə, Raqib Qədimovun universitetdə davamiyyətlə bağlı problemi olub və o, səkkiz fənn üzrə qaib limitinə düşdüyü üçün imtahana buraxılmayıb. İddialara görə, üçüncü kurs tələbəsinin intihar etməsinə səbəb məhz imtahanlardan olan kəsiridir.
Hələ ki aidiyyəti qurumların məsələ ilə bağlı rəsmi açıqlaması yoxdur.
Azərbaycan Turizm və Menecment Universitetinin mətbuat katibi Sədaqət Turabova tələbənin davamiyyəti və imtahan kəsiri ilə bağlı məsələyə toxunmasa da, Bizim.media-nın suallarına cavablar verib:
“Həmin tələbənin kəsiri olub-olmayıb, dərsə gəlib-gəlməyib – bunlar önəmli deyil. Biz tələbənin ölüm səbəbini dəqiqləşdirə bilməmişik, çünki ailə bizə konkret heç nə deməyib. Aldığımız məlumat budur ki, tətil vaxtı – yəni yanvarın 6-da – Raqif Qədimov rayonda olub və səhər durub görüblər ki, özünü asıb. İnformasiya bir mənbədən gedir və biz ona fokuslanırıq.
Tələbənin ailəsi ilə danışmaq, niyə ölüb, dərsə gəlibmi-gəlməyibmi, bunları işıqlandırmaq ictimaiyyət üçün nəsə verəcəkmi?
Prokurorluqdan məlumat gəldikdən sonra biz də ictimaiyyəti məlumatlandıracağıq”, – deyə əlavə edib.
Onu da bildirək ki, mediada özünə qəsd edən tələbənin Qobustan rayonunun Sündü kənd sakini, bəzi xəbər portallarında isə Şamaxı rayonunun Pirbəyli kəndindən olduğu bildirilir.