Bu gün:
Xezer.info » Siyasət » DEPUTAT MƏŞHUR MƏMMƏDOV: “ULU ÖNDƏR HEYDƏR ƏLİYEV MİLLƏTİ ÜÇÜN MİSİLSİZ XİDMƏTLƏR GÖRÜB”

DEPUTAT MƏŞHUR MƏMMƏDOV: “ULU ÖNDƏR HEYDƏR ƏLİYEV MİLLƏTİ ÜÇÜN MİSİLSİZ XİDMƏTLƏR GÖRÜB”



Dekabrın 12-si müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Tribunainfo.az-a danışan millət vəkili Məşhur Məmmədovun sözlərinə görə, Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinin memarıdır.
Deputat hesab edir ki, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub:
“Ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialı ilə davamlı inkişaf edən ölkəyə çevrilib. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin,təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilib”.
Məşhur Məmmədovun sözlərinə görə, tək 12 dekabr günündə deyil, adi vaxtlarda da insanlar Fəxri xiyabana gedərək onun məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər: “Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.
Təsadüfi deyil ki, ömrünün son günlərində dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində İlham Əliyevi nəzərdə tutub demişdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək”.
Həmin il ölkəmizdə keçirilən Prezident seçkilərində xalqımız birmənalı olaraq Ümummilli Liderimizin həyat və siyasət məktəbinin yetirməsinə səs verdi və İlham Əliyev yekdil səs çoxluğu ilə dövlət başçısı seçildi.
Bu 20 illik dövrdə xalqın, millətin gələcəyi üçün böyük miqyasda işlər görülüb, Azərbaycanda müstəqilliyin dayaqları möhkəmləndirilib və uzunmüddətli siyasi sabitlik, davamlı iqtisadi inkişaf təmin edilib, ən əsası müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz işğal faktına son qoyub.
Cənab Prezidentin də dediyi kimi, ata vəsiyyətini yerinə yetirib. Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir”.