Gələn il Milli Məclis bu qədər xərcləyəcək
05-dek-2023Gələn il Milli Məclisin və onun aparatının xərclər smetası 51 171 550 manat olacaq.
Xezerinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsində əksini tapıb.
Əməyin ödənişinə 38 248 130 manat, malların (işlərin və xidmətlərin) satın alınmasına 10 733 420 manat, sosial ödənişlərə 340 000 manat, qeyri-maliyyə aktivlərinə 1 850 000 manat ayrılması nəzərdə tutulur.
Malların (işlərin və xidmətlərin) satın alınması bölməsində xarici ezamiyyələr üçün xərcin məbləği 2 100 000 manat proqnozlaşdırılır.
İclasda həmçinin, Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası haqqında qərar layihəsi qəbul edilib. Gələn il üzrə Hesablama Palatası Aparatının xərclər smetası 11 424 588 manat olacaq. Bu, 2023-cü illə müqayisədə 7,5 % çoxdur. Gələnilki vəsaitin 10 361 232 manatı əməyin ödənişi üçün nəzərdə tutulub. Bu isə bu ilə nisbətən 8,3 % çoxdur. O cümlədən, ştatda olan işçilərin əməkhaqqına 7 540 812 manat, ştatdankənar işçilərin əməkhaqqına isə 54 670 manat xərclənəcək.
Məsələlər səsverməyə çıxarılaraq qəbul edilib.