ORQAN BAĞIŞLAMAQ GÜNAHDIRMI? – İLAHİYYATÇI AÇIQLADI
05-dek-2023Müəyyən insanlar sağikən orqanlarının başqalarına bağışlanmasını vəsiyyət edirlər. Bu isə adətən müsbət qarşılanır. Çünki bunu edən şəxs özü həyatda olmasa da, digər şəxslərə yeni həyat bəxş etmiş olur. Bəs İslam dinində bu məsələ necə qarşılanır?
Bu barədə Tribunainfo.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirdi ki, sağlığında orqanlarını başqasına bağışlamaq olar. Ancaq insan öləndən sonra onun orqanları sağlığında vəsiyyət etdiyi mənbəyə verilə bilər:
“Bu ən böyük xeyirxahlıq və savabdır. Ancaq sağ adamın öz orqanını kiməsə satması doğru deyil. Bu günahdır. Lakin yaxın adamına verə bilər, ancaq bu şərtlə ki, öz sağlamlığına zərər dəyməsin.
İnsan bacarırsa öz ölümündən sonra da insanlığa fayda verməlidir. Gözünü, böyrəyini, digər orqanlarını kiminsə sağ qalması, yaşaması üçün verən insan bütün insanlığı yaşatmış kimidir və böyük humanizm sahibidir. Qiyamət günü insanın orqanları insanın lehinə, yaxud əleyhinə şahidlik edəcək. O zaman həmin adamın bağışladığı orqanı onun xeyrinə ifadə verəcək. Ancaq orqanı bağışladığı şəxs müsəlman və yaxud kitab əhli ola bilər. Kafirə, Allahın, dinin əleyhinə olan adama orqan bağışlamaq günahdır”.