Bu gün:
Xezer.info » Bu gün » UCUZ QİYMƏTƏ KİRAYƏ EV TAPMAQ MÜMKÜN OLMAYACAQ – EKSPERT

UCUZ QİYMƏTƏ KİRAYƏ EV TAPMAQ MÜMKÜN OLMAYACAQ – EKSPERT



Kirayə mənzil bazarında qiymət artımı davam edir. Sonuncu dəfə 2020-ci ildə, pandemiya dövründə ucuzlaşma baş vermişdi. Ondan sonra qiymətlərdə ancaq artım müşahidə edilir və bu cür də davam edəcək.

Bu sözləri Tribunainfo.az-a əmlak ekspert Elnur Fərzəliyev bildirib. O qeyd edib ki, kirayə evlərin qiymətinin artmasına səbəb paytaxtdakı köhnə binaların sökülməsidir. Üstəlik, tikilməkdə olan yeni binaların sakinləri də şirkətlər tərəfindən kirayə evlərə yerləşdirildiyi üçün bu da qiyməti artırır:

“İndi paytaxtda münasib qiymətə kirayə ev tapmaq çox çətindir. Təəssüf ki, qiymətlər də durmadan artır. Paytaxtın hər yanında söküntü işləri gedir, köhnə binalar sökülür və yerinə yenisi tikilir. Köhnə bina sakinləri müvəqqəti olaraq kirayələrdə məskunlaşmalı olurlar ki, bu da qiymətə təsir edən əsas amillərdəndir.
Əvvəl köhnə binalarda 200-300 manata 1-2 otaqlı ev tapmaq mümkün idisə, indi bu qiymət 400 manatdan çoxdur. Ciddi qiymət artımı isə 2-3 otaqlılarda daha çoxdur”.

Ekspert bildirib ki, baş verən söküntülər onu göstərir ki, yaxın 10 il ərzində paytaxtda ucuz qiymətə kirayə mənzil tapmaq mümkün olmayacaq:

“Yeni tikililərdə 1 otaqlı mənzillər 500-600 manat, 2 otaqlılar 600-800 manat, 3 otaqlılar isə 800-1500 manat arası dəyişir.
Hazırda Yasamal, Nərimanov və Nəsimi rayonlarında kirayə mənzillərə daha çox təlabat var. Səbəb isə rəsmi iş yerlərinin, ali təhsil ocaqlarının bu ərazilərdə və bura yaxın yerlərdə yerləşməsidir”.