MƏKTƏBLƏRDƏ NƏ BAŞ VERİR? – EKSPERT
27-noy-2023Son iki gündə mediada ayrı-ayrı məktəblərdə baş vermiş 3 xoşagəlməz hadisənin xəbəri yayılıb. Hadisələrdən biri Xaçmaz rayonunda Regional Təhsil
İdarəsinin rəisi Rüfət Hacıyevin 9-cu sinif şagirdini döyməsi, digəri Sabunçu rayonundakı 90 nömrəli tam orta məktəbdə ikinci sinif şagirdinin döyülməsi ilə bağlı informasiya, digəri isə yenə də Sabunçu rayonunda şagirdlərin birinin digərini kəsici-deşici alətdən istifadə etməklə xəsarət yetməsi idi.
Xezerinfo.az xəbər verir ki, baş vermiş hər üç olayla bağlı danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, bu məlumatları heç biri heç də təqdim edildiyi kimi olmayıb, nə şagirdlərin döyülməsi xəbəri, nə də sonuncu məktəbliyə qarşı kiminsə təzyiq göstərməsi:
“Xaçmaz rayonunda baş vermiş hadisə ilə bağlı RTİ müdiri günahsızdır. Nə uşaq döyülüb, nə də xəsarət alan var. Xəbərsiz məktəbə yoxlamağa gedən Rüfət Hacıyev orada saçı uzun olan 9-cu sinif şagirdini tərbiyəvi söhbətə cəlb edib və məsələ bitib. Valideynlərinin də heç bir şikayəti yox idi.
Əslində mən Rüfət Hacıyevin təhsili və fəaliyyəti ilə ilə bağlı mütəmadi fikir bildirmişəm. Həqiqətən də nəsə pozuntusu olsa idi, yazardım. Bu məsələdə günahsızdır”.
Gözü göyərmiş məktəbli və onun oxuduğu məktəblə bağlı danışan ekspert bildirib ki, bu fakt onu göstərir ki, məktəblərdə normal tibbi xidmət yoxdur:
“90 saylı orta məktəbdə baş verən hadisə onu göstərir ki, məktəbdə yaxşı tibbi xidmət yoxdur. Məktəbdə şagirdlərin ilkin tibbi yardım göstərilməsi xidmətində və məsuliyyətli davranış qaydalarına əməl olunmasında qüsur var.
Əlbəttə ki, şagirdlər qaçır, ani əl-qol hərəkəti edir və bu zaman arzuolunmaz xəsarətlər ola bilər. Təhsil bizim hamımızın işidir, hamımızın həyat və fəaliyyətinə bilavasitə bağlı olan, təsir göstərən sahədir. Əl-ələ verib daha yaxşısını təşkil etməkdə maraqlı olmalıyıq”.