Bu gün:
Xezer.info » Eksklüziv » Hafiz Hacıyevdən nazirə sərt ittihamlar: 300 min manat kimlərə xərclənib?

Hafiz Hacıyevdən nazirə sərt ittihamlar: 300 min manat kimlərə xərclənib?



Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev yenidən fəallaşaraq internet televiziyalarda əksər nazirləri prezidentə xəyanətdə günahlandırır. Hətta bəzən yüksək rütbəli məmurları tənqidlə yanaşı təhqir də edir. Son günlər isə H.Hacıyevin hədəfinə gələn məmur kənd təsərrüfatı naziri Məcnun Məmmədovdur.

Bəzi sosial şəbəkə istifadəçiləri onun kiminsə tərəfindən öyrədildiyini düşünür. Partiya sədrinin arxasında başqa güclər dayanır, yoxsa məmurları hədəf alması öz təşəbbüsüdür?

Globalinfo.az-a danışan Hafiz Hacıyev Məcnun Məmmədova qarşı haqlı mübarizə apardığını deyib.

O, nazir köməkçisinin Prezidentə qarşı fikirlər səsləndirdiyini bildirib:

“Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan dövlətinə xəyanət edən bir xanımı gətirib özünə köməkçi qoyursa, mən susa bilmərəm. Bu azmış kimi, doğruları dediyim üçün həmin xanım gecə saat 12-də gedib Göygöl rayonunda mənə görə qohumumdan izahat alırsa, mən necə sakit qala bilərəm?! Mənim apardığım mübarizə dövlətə, dövlət başçısına və xalqa xəyanət edən qüvvələrə qarşıdır. Mən heç kimin göstərişi ilə oturub-duran adamlardan deyiləm. Nöqsanı varsa, açıq şəkildə deyirəm.

Bu adam vaxtilə dövlət başçısının əleyhinə fəaliyyət göstərən birinə vəzifə verib. İnanmasanız, araşdıra bilərsiniz. Bununla bağlı görüntülər də var. Həqiqəti deyən insanları sevməsələr də, mən hər zaman həqiqtəi söyləyənlərdənəm. Uşaq deyiləm ki, kimsə gəlib mənə nəyisə öyrətsin. Lazım olarsa, özüm həmin adamı öyrədərəm”.

H.Hacıyev bəzi məmurlarla bağlı araşdırılmalara başladıldığını qeyd edib:

“Bir neçə ay öncə demişdim ki, bəzi məmurlar Laçında tikilən binaların pullarını yedikləri üçün ortaya keyfiyyətsiz iş qoyublar. Artıq Hesablama Palatası yoxlamaya başlayıb. İndi Kənd Təssərrüfatı Nazirliyinin mətbuat xidməti deyir ki, Hafiz Hacıyev danışdıqdan sonra media nümayəndələri üzərimizə gəldilər, biz də 300 min manata qədər pul xərclədik ki, jurnalistlər bu haqda yazmasınlar. Araşdırılsın görək, 300 mini kimə və nəyə xərcləyiblər?! Mən hər zaman ədalətsizliyə qarşı mübarizə aparmışam. Kimlər bunu necə başa düşür, düşünsün. Dörd dəfə prezidentliyə namizəd olmuş bir insanam, dediklərim zaman-zaman öz təsdiqini tapıb. Kimin haqqında nə deyirəmsə, gec-tez öz təsdiqini tapacaq”.

Partiya sədri kənd təsərrüfatı nazirini yaxşı işləməməkdə günahlandırıb:

“Əgər kənd təsərrüfatı naziri öz işini yaxşı görəsə idi, bu gün kənd təsərrüfatına aid olan məhsulların ucuzlaşmasının şahidi olardıq. Ətin qiyməti gündən-günə artır, kartofun kilosu az qala 2 manata çatır, pomidor 4-8 manatdır. Bunların ucuzlaşması üçün nə edir axı?! Xalq sevinə, xoşbəxt ola bilmir. Əgər axşam olanda onun soyuducusunda ət, toyuq əti, yumurta və digər ərzaqları olmayacaqsa necə sevinə, xoşbəxt ola bilər?! Hər şey kənd təsərrüfatından asılıdır. Buna görə də mübarizəmi aparıram. Yerində olmayan adamlara qarşı sona qədər mübarizəmiz davam edəcək”.